08:47 23-06-2011
news_image
1443
DÖYÜŞ NÖVLƏRİ

Salman Əlizadə: Ona Türkiyədə də qalib gələcəyəm

“Fransalı Jeremi Bekku ilə döyüşüm istədiyim kimi alınmadı. Məşqçimlə birgə rəqibi ciddi təhlil etmişdik. Amma 3-cü raundda yoruldum. Bu səbəbdən də tapşırıqları tam yerinə yetirə bilmədim. Buna baxmayaraq, yarımfinala vəsiqə qazandığım üçün çox şadam”. Apasport.az saytının məlumatına görə, bunu boks üzrə Azərbaycan milli komandasının üzvü Salman Əlizadə (49 kq) deyib.

Gənclər arasında dünya çempionu Ankarada keçirilən Avropa birinciliyinin 1/4 finalında potensialını tam ortaya qoya bilməyib. Lakin artıq özü üçün ən azı bürünc medalı təmin edən Əlizadə bunun müqabilində yarımfinalda daha gözəl döyüş nümayiş etdirəcəyinə söz verib.

O 1/2 finalda qarşılaşacağı ingilis Çarlz Edvardsla əvvəllər 1 dəfə görüşdüyünü deyib: “Bir neçə il bundan öncə hələ yeniyetmələrin yarışında mübarizə apararkən, Edvardsı məğlub etmişdim. Düzdür, həmin döyüşün üstündən bir neçə il keçib. Amma əminəm ki, yenə də bu rəqib üzərində qələbə qazana bilərəm”.

Qeyd edək ki, bu gün Əlizadə ilə yanaşı, Heybətulla Hacəliyev (64 kq) və Teymur Məmmədov (91 kq) da yarımfinal döyüşünə çıxacaq.