12:19 23-06-2011
news_image
1155
DÖYÜŞ NÖVLƏRİ

Nicat Şıxəlizadə 39 rəqibinə yerini göstərdi

Beynəlxalq Cüdo Federasiyası Rio-de-Janeyro şəhərində təşkil olunan “Böyük dəbilqə” turnirinin yekununa əsasən yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahıda Braziliyada lisenziya xalı toplayan cüdoçularımızla yanaşı, digər idmançılarımız da mövqelərini yaxşılaşdırıblar.

Milli komandamızın heyətindən ən böyük sıçrayışa Nicat Şıxəlizadə (60 kq) nail olub. Dopinqdə “ilişdiyindən” 4 il yarışlardan kənar qalan cüdoçu iştirak etdiyi 3-cü turnirdən sonra lisenziya xalını 132-yə çatdıraraq, son siyahı ilə müqayisədə 39 pillə irəliləyərək 54-cü yerə qalxıb.

Şıxəlizadə ilə eyni çəkidə mübarizə aparan İlqar Müşkiyev də irəliləyib. O reytinq xalının 457-yə yüksəltməklə, 2 rəqibini qabaqlayıb və 19-cu yerdə qərarlaşıb.

Digər cüdoçularımız - Tərlan Kərimov (66 kq) və Elnur Məmmədli (81 kq) hərəyə 1 pillə yuxarı qalxıblar. Onlar müvafiq olaraq, 14-cü və 4-cüdürlər.

Ağayar Axundzadənin yetirmələrindən Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) yerlərində sayıblar. Bu idmançılar müvafiq olaraq, 19-cu, 5-ci və 32-ci pillələrdəki mövqelərini qoruyublar.

Qadın cüdoçularımızdan “Böyük dəbilqə”də 5-ci yeri tutan Ramilə Yusubova (63 kq) 19-cu pilləyə yüksəlib. O, 3 rəqibini arxada qoyub. Yusubovadan fərqli, Braziliyada lisenziya xalı qazana bilməyən Kifayət Qasımova (57 kq) geriləyib. Təmsilçimiz 10-cu yeri 11-ci pilləyə dəyişib.

Xatırladaq ki, London-2012-yə Olimpiada ərəfəsində yekun siyahıda kişi idmançıların reytinqində ilk 22 yer, zəriflər arasında isə 12 yer lisenziya qazanacaq.