17:14 23-06-2011
news_image
1192
DÖYÜŞ NÖVLƏRİ

Salman Əlizadə Avropa çempionatının finalında!

Türkiyənin paytaxtı Ankarada keçirilən boks üzrə Avropa çempionatında yarımfinal görüşləri start götürüb. Apasport.az saytının məlumatına görə, həmyerlilərimizdən ilk olaraq 49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə rinqə çıxıb.

Boksçumuz ingiltərəli Çarlz Edvardsla döyüşdə hər 3 raundda rəqibindən üstün olub. Görüşü əks-hücumlar üzərində quran Əlizadə rəqibinin irəli gəlməsindən maksimum faydalanıb. Nəticədə, 24:14 hesabı ilə qalib gələn milli komandamızın üzvü qitə çempionatının finalına vəsiqə qazanıb. 17 yaşlı idmançımız həlledici döyüşdə bolqarıstanlı George Andonovu məğlub etmiş rusiyalı Belik Qalanovla qarşılaşacaq.

64 kq çəki dərəcəsindəki təmsilçimiz Heybətulla Hacəliyev isə yarımfinalda irlandiyalı Raymond Moylette ilə üz-üzə gəlib. Bərabər mübarizə şəraitində keçən döyüşün 1-ci raundu 4:4 hesabı ilə başa çatıb. İkinci hissədən sonra da hesab bərabər olub - 9:9. Həlledici raundda da bərabər döyüş getsə də, hakimlər qələbəni irlandiyalıya veriblər – 18:16.

Beləliklə, Heybətulla Hacəliyev Avropa çempionatında bürünc mükafatla kifayətlənib. Bir qədər sonra isə Teymur Məmmədov (91 kq) rinqə çıxacaq.

Qeyd edək ki, gənclər arasında dünya çempionu və yeniyetmələrin ilk Olimpiya oyunlarının gümüş mükafatçısı olan Salman Əlizadə ilk dəfədir ki, böyüklər arasında bu cür məsul yarışda döyüşür.