11:33 24-06-2011
news_image
1462
DÖYÜŞ NÖVLƏRİ

Teymur Məmmədov: Avropa çempionu olmaq istəyirəm

“İndiyədək finaldakı rəqibimlə rinqdə üz-üzə gəlməmişəm. Amma o, artıq uzun illərdir ki, dünya boksundadır. Son Avropa çempionatının gümüş mükafatçısıdır”. Apasport.az saytının məlumatına görə, bunu boks üzrə Azərbaycan milli komandasının üzvü Teymur Məmmədov (91 kq) deyib.
Avropa çempionatının final görüşündə mübarizə aparacaq gənc idmançımız bildirib ki, qızıl medal qazanmaq üçün əlindən gələni edəcək. Yarımfinalda alman Johan Vitti məğlub edən Məmmədov finalda təcrübəli bolqar həmkarı Tervel Pulevə də qalib gələcəyinə inanır: “Biz bu yarışa gələrkən, qarşımıza müəyyən məqsədlər qoymuşuq. Yerli azarkeşləri də bizə dəstək olmağa çağırıram. Avropa çempionatının qızıl medalını qazanmaq istəyirəm”.

18 yaşlı idmançı zərbələrinin o qədər də qüvvətli olmaması ilə bağlı fikirlərə də cavab verib: “Bəlkə də bu kənardan daha aydın görünür. Nəzərə alın ki, mənim çəkim 83 kq-dır. Mən rəqiblərimdən 7-8 kq “zəifəm”. Bu isə boksda böyük rəqəmdir. Buna görə də zərbələrim onlar üçün sarsıdıcı olmur. Amma digər keyfiyyətlərimdən istifadə etməyə çalışıram”.

Qeyd edək ki, final görüşləri bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.