17:30 28-06-2011
news_image
1368
DÖYÜŞ NÖVLƏRİ

7 qələbə, 1 məğlubiyyət

Macarıstanın Kestxey şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə idmançılarımız uğurla başlayıb. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə rinqə çıxan 8 idmançımızdan 7-si qələbə qazanıb.

Belə ki, 46 kq çəki dərəcəsində mübarizə aparan Araz Gülməmmədov ilk görüşdə İsrail nümayəndəsi Elhaib Falahı 14:0 hesabı ilə məğlub edib. Həmyerlimizin növbəti mərhələdəki rəqibi rumıniyalı Georgian Tudor olacaq.

Natiq Kazımov (48 kq) şotlandiyalı Reeke Makfadenə uduzaraq, mübarizədən kənarda qalıb - 11:18. 50 kq-da mübarizə aparan Orxan Əliyev isə ilkin mərhələdə parlaq qələbə qazanıb. Orxan 1-ci raundda yunanıstanlı Ramin Agkitzidisi rinqə çıxmağa peşman edib. Görüş vaxtından əvvəl başa çatıb. Əliyev növbəti mərhələdə Belarus boksçusu Anton Balla üz-üzə gələcək. Nurlan Nağıyev (57 kq) ilk döyüşünü Xorvatiya idmançısı Luka Plantikə qarşı keçirib. 27:17 hesabı ilə qalib gələn Nağıyev növbəti mərhələdə israilli Tal Ahronovla döyüşəcək. 60 kq çəki dərəcəsində yarışan Telman Qafarlı Moldova nümayəndəsi Andrey Bovbolanı 6:1 hesabı ilə məğlub edib. Orxan Mayıllı (70 kq) da ilk görüşünü qələbə ilə başa vuranlar arasındadır. O, finlandiyalı Dmitri Keroneni 15:6 hesabı ilə üstələyib. Rahil Məmmədli (80 kq) Macarıstan boksçusu Tamaş Varadini (10:2), Məhəmmədəli Tahirov (+ 80kq) isə isə türkiyəli Yaman Qarıkı (17:6) məğlubiyyətə uğradıb.