15:47 29-06-2011
news_image
1827
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycanlı boksçu erməni rəqibini sıradan çıxardı

Macarıstanın Ketsxey şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində 9 idmançımız 1/4 finala vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan Orxan Əliyev 1/8 finalda Belarus nümayəndəsi Anton Balı 13:11 hesabı ilə məğlub edib. Həmyerlimizin növbəti rəqibi ukraynalı Vladislav Kutepov olacaq.

60 kq çəki dərəcəsində mübarizə aparan Telman Qafarlı qitə birinciliyində ikinci döyüşünü də qələbə ilə başa vurub. Boksçumuzun ikinci qələbəsi daha parlaq və yadda qalan olub. Çünki Qafarlı bu dəfə Ermənistan boksçusu Rafael Barseqyanı rinqə çıxmağa peşman edib – 9:5. Boksçumuz yarımfinala gedən yolda rusiyalı Tamerlan Batdiyevlə döyüşəcək.

1/4 finala vəsiqə qazananlar arasında Əli Həsənov da (63 kq) var. O, çexiyalı Yozef Laniki 3-cü raundda nokauta salıb. Onun növbəti rəqibi Gürcüstan idmançısı George Sarkisovi olacaq. Nəbi Bağırov (66 kq) ilk döyüşdə bolqarıstanlı Aleksandr Kostovu 15:7 hesabı ilə üstələyib.

Qeyd edək ki, buna qədər Araz Gülməmmədov (48 kq), Nəsrəddin Məmmədov (52 kq), Nurlan Nağıyev (57 kq), Rahil Məmmədli (80 kq) və Məhəmmədəli Tahirov (80+kq) 1/4 finala yüksəlmişdilər.

Təəssüf ki, 70 kq-dakı təmsilçimiz Orxan Mayılı ikinci görüşdə rusiyalı Maqomed Maqomedova 7:11 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb. İman Əhmədli (54 kq) isə rumıniyalı Arsen Mustafaya 7:11 hesabı ilə yenilərək, mübarizədən kənarda qalıb.