21:04 30-06-2011
news_image
3027
DÖYÜŞ NÖVLƏRİ

Fəridə Əzizova London Olimpiadasına vəsiqə qazandı – YENİLƏNİB

Bu gün Bakıda taekvondo üzrə 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən dünya təsnifat turniri start götürüb. Apasport.az saytının məlumatına görə, "Sərhədçi" Olimpiya Mərkəzində keçirilən bu mötəbər yarışın ilk günündə Azərbaycan milli komandasının 4 üzvündən yalnız Fəridə Əzizova (67 kq) tatamiyə çıxıb. Digər taekvondoçularımız - Elvin Məmmədov (68 kq) sabah, Ramin Əzizov (80 kq) iyulun 2-də nəyə qadir olduğunu nümayiş etdirəcək. Turnirin son günü – iyulun 3-də isə Günay Ağakişiyeva (57 kq) mübarizəyə qoşulacaq.

67 kq

Fəridə Əzizova (67 kq) ilk mərhələdə Franka Aniçlə (Slovakiya) üz-üzə gəlib. I raundda bərabər mübarizə getsə də, dəqiqələr ötdükcə həmyerlimiz üstünlüyü ələ alıb. Bunun nəticəsi olaraq, II raundun fasiləsinə 2:0 hesablı üstünlüklə yollanan Əzizova son hissədə rəqibin hücuma keçməsindən maksimum yararlanıb. Əks-hücum taktikasını seçən Fəridə sonda 5:0 hesablı qələbə qazanıb.

Onun növbəti döyüşdə rəqibi amerikalı Peyc Makferson olub. Qarşılıqlı hücumlar şəraitində keçən döyüşün ilk raundu Əzizovanın üstünlüyü ilə bitib – 1:0. Növbəti raundda taekvondoçular xal qazana bilməsələr də, son hissədə həmyerlimiz aktivinə daha 1 xal yazaraq rəqibini 2:0 hesabı ilə məğlub edib.

Nəticədə 1/4 finala vəsiqə qazanan təmsilçimiz yarımfinala yüksəlmək uğrunda kanadalı Karen Serdjeli ilə döyüşüb. Bərabər səviyyədə keçən görüşün ilk 2 raundu heç-heçə başa çatıb. Lakin son raundda təşəbbüsü əla alan taekvondoçumuz rəqibindən 1 xal alıb və yarımfinala vəsiqə qazanıb. Onun London-2012-yə lisenziya qazanması üçün cəmi 1 qarşılaşmada qələbə qazanması yetrəli idi. Fəridənin finala gedən yolda rəqibi isveçli Elin Yohanson oldu. Rəqibi üzərində inamlı qələbə qazanan (4:0) Əzizova həm finala, həm də London Olimpiadasına vəsiqə qazanıb. Bununla da Fəridə gələn il İngiltərə paytaxtında keçiriləcək məsul turnirdə çıxış etmək hüququ qazanan 2-ci təmsilçimiz oldu. Buna qədər milliləşdirilən belaruslu atletimiz Dmitri Marşin Minskdəki beynəlxalq turnirdə 3-cü yeri tutmaqla, bu hüquqa yiyələnmişdir.

Əzizova finalda koreyalı Min Yun Kimə 5:6 hesabı ilə uduzaraq, 2-ci yerlə kifayətlənib. Finalçılarla yanaşı, təmsilçimizin yarımfinalda yendiyi isveçli idmançı da London Olimpiadasına vəsiqə qazanıb. İlk 3 yerin sahibinə mükafatları Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kamaləddin Heydərov və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim ediblər.

Qeyd edək ki, 8 çəki dərəcəsi üzrə keçirilən turnirdə 109 ölkədən 345 taekvondoçu qüvvəsini sınayır. İyulun 3-ə kimi davam edəcək yarışda yalnız ilk “3-lük”də qərarlaşan idmançılar lisenziya qazanacaqlar.