17:53 30-06-2011
news_image
1391
DÖYÜŞ NÖVLƏRİ

Füzuli Musayev: İnanırıq ki, lisenziyanın davamı gələcək

“Fəridəyə halal olsun. O, lisenziya turnirində əla çıxış edərək, London Olimpiadasına vəsiqə qazandı”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Füzuli Musayev deyib. Bu gün Bakıda taekvondo üzrə 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən dünya təsnifat turniri uğurla start götürən ölkəmiz elə ilk təmsilçisi ilə lisenziyanı qazandı. Bu, finala vəsiqə qazanan qadın iştirakçımız Fəridə Əzizova oldu.

Musayev Əzizovanın uğurunu yüksək qiymətləndirib: “O, öz gücünü Pekin Olimpiadasının mükafatçısı və Avropa çempionuna göstərdi. Hər 2 güclü rəqibinə layiqli müqavimət göstərərək, qələbə qazandı və finala çıxdı. Fəridə taekvondoda London Olimpiadasına ilk vəsiqəmizi qazandırmaqla, Azərbaycan xalqını sevindirdi. Bu, hələ turnirin ilk günüdür. Yarış iyulun 3-ə kimi gedəcək və sabahdan lisenziya uğrunda mübarizəyə digər taekvondoçularımız qoşulacaq. Xüsusilə oğlanlara böyük ümidlərimiz var. İnanırıq ki, bu uğurun davamı gələcək və idmançılarımız qarşıdakı günlərdə də London Olimpiadasına vəsiqə qazanacaqlar”.

Qeyd edək ki, digər taekvondoçularımız - Elvin Məmmədov (68 kq) sabah, Ramin Əzizov (80 kq) iyulun 2-də nəyə qadir olduğunu nümayiş etdirəcək. Turnirin son günü – iyulun 3-də isə Günay Ağakişiyeva (57 kq) mübarizəyə qoşulacaq.