13:08 01-07-2011
news_image
2764
DÖYÜŞ NÖVLƏRİ

Elvin Məmmədov Olimpiadaya lisenziya qazana bilmədi - YENİLƏNİB

Bakıda taekvondo üzrə 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən dünya təsnifat turniri davam edir. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində təşkil edilən bu mötəbər yarışın ikinci günündə Azərbaycan milli komandasının heyətində Elvin Məmmədov (68 kq) tatamiyə çıxıb.

68 kq

Taekvondoçumuz 1/32 final mərhələsində çexiyalı Viktor Yankovskiylə qarşılaşıb. Məmmədov ilk raundda rəqibindən üstün olsa da, sonradan bir qədər zəif döyüş nümayiş etdirib. Bundan istifadə edən Yankovski qarşılaşmanın son raundunda hesabı bərabərləşdirib – 7:7. Lakin əlavə vaxtda Elvin özündə güc taparaq, qızıl xal qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb.

Məmmədov II döyüşündə isveçli Mareta Aşeta ilə qarşılaşıb. İlk raund bərabərliklə yekunlaşsa da, növbəti hissələrdə həmyerlimiz gücünü göstərməyi bacarıb. O, yekunda 7:3 hesabı ilə qələbə qazanaraq, 1/8 finala vəsiqə qazanıb.

Bu mərhələdə iranlı həmkarı Məhəmməd Bageriyə 1:4 hesabı ilə uduzan Elvin həm turnirdə mübarizəni dayandırdı, həm də London Olimpiadasına vəsiqə qazana bilmədi.

Qeyd edək ki, yalnız ilk 3 yeri tutacaq idmançı London-2012-yə vəsiqə qazanacaq. Digər taekvondoçularımız - Ramin Əzizov (80 kq) iyulun 2-də, Günay Ağakişiyeva (57 kq) iyulun 3-də mübarizəyə qoşulacaq. Turnirin ilk günündə qüvvəsini sınayan Fəridə Əzizova (67 kq) isə gümüş medala sahib olmaqla yanaşı, taekvondo yığmamıza ilk lisenziyanı da qazandırıb.