16:31 01-07-2011
news_image
1066
DÖYÜŞ NÖVLƏRİ

Boksçularımız qələbələri sıralayır

Macarıstanın Kestxey şəhərində yeniyetmələr arasında boks üzrə Avropa birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, artıq milli komandamızın 4 üzvü yarımfinala vəsiqəni təmin edib.

46 kq çəki dərəcəsində mübarizə aparan Araz Gülməmmədov 1/4 finalda Rumıniya boksçusu Georgian Tudor üzərində qələbə qazanıb – 13:6. Həmyerlimiz yarımfinalda ukraynalı Svyatoslav Demkinlə üz-üzə gələcək. Orxan Əliyev də (50 kq) komanda yoldaşının uğurunu davam etdirib. O, Ukrayna nümayəndəsi Vladislav Kutepovu 15:9 hesabı ilə məğlubiyyətə uğradıb. Əliyev finala gedən yolda rusiyalı Yusup Qazzayevlə döyüşəcək.

Nəsrəddin Məmmədov (52 kq) 1/4 finalda Gürcüstan boksçusu Aleko Lursamanaşvili üzərində parlaq qələbə qazanıb. Artıq 2-ci raundda rəqibini nokauta salan Məmmədov yarımfinala yüksəlib. Milli komandamızın üzvü finala vəsiqə qazanmaq üçün rusiyalı Danil Şamsutddinovu məğlub etməlidir. Nurlan Nağıyev də (57 kq) adını yarımfinalçılar sırasına yazdırıb. Boksçumuz 1/4 finalda İsrail təmsilçisi Tal Ahronov üzərində qələbə qazanıb – 16:10. Nağıyevin növbəti rəqibi ukraynalı Arsen Ablayev olacaq.

60 kq-da mübarizə aparan Telman Qafarlı 1/4 finalda Rusiya idmançısı Tamerlan Batdiyevə uduzaraq, yarışdan kənarda qalıb. Digər boksçularımız – Əli Həsənov (63 kq), Nəbi Bağırov (66 kq), Rahil Məmmədli (80 kq) və Məhəmmədəli Tahirov 1/4 final mərhələsinin döyüşlərini axşam saatlarında keçirəcəklər.