23:10 01-07-2011
news_image
1617
DÖYÜŞ NÖVLƏRİ

“Məqsədim olmasaydı, bu 4 ili gözləməzdim” - MÜSAHİBƏ

Cəza üzündən 4 il tatamidən ayrı düşmüş təcrübəli cüdoçu Nicat Şıxəlizadənin bu mövsümün əvvəlində yığmaya dönüşü milli komandanın gücünə güc qatdı. Apreldən bəri 5 turnirdə mübarizə aparan idmançı, tədricən yarış təcrübəsizliyini aradan qaldırır. O, apasport.az saytına müsahibəsində hazırkı durumu və London olimpiadasına yollanmaq imkanından danışıb.

- Nicat, özünü necə hiss edirsən?
- Komandamızda hər şey qaydasındadır. Həmişəki kimi, gündə 2 dəfə olmaqla məşqlərimizi davam etdiririk. İndi yaxşıyam. Hər yarışdan sonra özümü daha yaxşı hiss edirəm. Bildiyiniz kimi, 4 il turnirlərdə çıxış etmədim. Bu, iştirak etdiyim yarışlar zamanı özünü göstərdi. Buna baxmayaraq, yavaş-yavaş formaya düşürəm.

- Cüdoda olmadığın müddətdə qaydalarda dəyişikliklər oldu. Maraqlıdır, yeni sistemə nə dərəcədə uyğunlaşmısan?
- Dəyişikliklər çıxışıma müəyyən təsir göstərir. Çünki mən də Qafqaz məktəbinin bir nümayəndəsi kimi, aşağıdan güləşməyə üstünlük verirdim. Açığı, yarış təcrübəm normaldır. Əsas odur ki, yeni qaydalara uyğunlaşım. Bu iştirak etdiyim yarışlarda, artıq tədricən onu da aradan qaldırıram.

- Çıxış etdiyin 60 kq çəkidə ciddi rəqibin var. İlqar Müşkiyev reytinqdə səndən xeyli öndədir. Hədəfinə çatmaq üçün gərək onu üstələyəsən.
- Məqsədim London olimpiadasına lisenziya qazanmaq, təkrarən dünya və Avropa çempionatlarında uğurlu nəticə göstərməkdir. Təbii ki, belə olmasaydı, bu 4 ili gözləməzdim. İlqar gənc olmasına rəğmən, perspektivli idmançıdır. Onun reytinqdə öndə olması real bir şeydir. Çünki o məndən əvvəl lisenziya xalları yığmağa başlayıb. Lakin həvəsdən düşmürəm. Hələ vaxt var. Çox şey dəyişə bilər. Kimin qisməti varsa, o da gedəcək.

- Nicat, adətən belə hallarda hansı idmançı çox xal toplayırsa, məşqçilər korpusu yekunda ona şans verir. Oxşar vəziyyət ötən olimpiada ərəfəsində 81 kq-da yaranmışdı. Mütəxəsislərimiz demişdilər ki, bu çəkidə kimin xalı çox olarsa, Pekinə həmin cüdoçu yollanacaq. Sonda Mehman Əzizov komanda yoldaşı Elxan Rəcəblini üstülədi və olimpiadaya o getdi. Bununla bağlı məşqçilər indi nə deyirlər?
- Bəli, həmin məsələ yadımdadır. Amma indi bu barədə belə söz-söhbət yoxdur, olmayıb da. Məncə, bu suala baş məşqçi cavab verə bilər.

Kamran HACI