20:29 02-07-2011
news_image
1508
DÖYÜŞ NÖVLƏRİ

Ramin Əzizov London-2012-yə çempion kimi gedir

Bakıda taekvondo üzrə 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya verən dünya təsnifat turniri davam edir. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində təşkil edilən bu mötəbər yarışın üçüncü günündə Azərbaycan milli komandasının heyətində Ramin Əzizov (80 kq) tatamiyə çıxıb.

80 kq

Taekvondoçumuz 1/32 final mərhələsindən azad olduğundan ilk döyüşünü 1/16 finalda keçirib. Çinli Lai Li ilə qarşılaşan həmyerlimiz 7:7 hesabı ilə bitən döyüşün əlavə vaxtında rəqibin başına endirdiyi 3 xallıq zərbə ilə qalib gəlib.

Avstraliyalı Əsən Burakla qarşılaşma isə daha çətin olub. Startda 0:5 hesabı ilə uduzan Əzizov hesabı bərabərləşdirsə də az keçməmiş yenə geri düşüb. Hesab 5:8 olanda da özünü itirməyən idmançımız sonda 10:8 hesabı ilə qalib gəlib.

1/4 finalda isə Ramin gücünü mərakeşli İssam Çerrubiyə göstərib – 9:8.Pekin Olimpiadasının finalçısı olan italiyalı Mauro Sarmiente ilə yarımfinalda isə Əzizovun üstünlüyü daha böyük olub – 8:3. Finala çıxmaqla London-2012 Olimpiadasına lisenziya əldə edən idmançımız taekvondo yığmamıza ikinci lisenziyanı da qazandırıb. Lakin o, həlledici döyüşə çıxmadan çempion adını qazanıb. Buna iranlı Yusif Kəriminin zədəli olması səbəb olub.

Qeyd edək ki, turnirin ilk günündə qüvvəsini sınayan Fəridə Əzizova (67 kq) isə gümüş medala sahib olmaqla yanaşı, taekvondo yığmamıza ilk lisenziyanı da qazandırıb.