23:36 02-07-2011
news_image
1194
DÖYÜŞ NÖVLƏRİ

Qızılları ruslara verdik

Macarıstanın Kestxey şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, milli komandamız yarışda 2 gümüş və 4 bürünc medal əldə edib.

Finala vəsiqə qazanan hər iki boksçumuz – Araz Gülməmmədov və Məhəmmədəli Tahirov məğlubiyyətlə üzləşiblər. 46 kq çəki dərəcəsində yarışan Gülməmmədov həlledici döyüşdə rusiyalı Timur Pirdamovla üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə həmyerlimiz rəqibinə 2 xal fərqlə uduzub – 7:9.

Məhəmmədəli Tahirovun da (80+ kq) qızıl medala gedən yolunu Rusiya idmançısı kəsib. Boksçumuz Andrey Ştoçkiyə uduzaraq, gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, Orxan Əliyev (50 kq), Nurəddin Məmmədov (52 kq), Nurlan Nağıyev (57 kq) və Rahil Məmmədli (80 kq) qitə birinciliyinin bürünc medalına layiq görülüblər.