23:38 04-07-2011
news_image
1751
DÖYÜŞ NÖVLƏRİ

Avstriya Musa Yaqubun nəvəsini London-2012-yə göndərir

Avstriyada hazırlıq keçən “Xəzər Lənkəran” klubunun dünən axşam məşqini izləyənlər arasında İnnsbrukda yaşayan bir azərbaycanlı da var idi. Əlindəki fotoaparatla futbolçularımızın şəkillərini çəkən bu gənc təbii ki, diqqətimizdən yayına bilməzdi.

Apasport.az saytının Avstriyaya ezam olunan əməkdaşı ilə söhbəti zamanı Gəray Gəraylı bildirib ki, əslən İsmayıllı rayonundandır. Görkəmli şair Musa Yaqubun nəvəsi olan 17 yaşlı boksçu artıq Avstriya milli komandasına da cəlb edilib: “12 yaşım olanda ailəmizlə birgə Avstriyaya köçdük. Artıq boks üzrə Avstriya yığmasının üzvüyəm. Hətta gələn il Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında da iştirak edə bilərəm. Bunun üçün şansım da var. 63 kq çəkidə mübarizə aparıram”.

Gəraylı bildirib ki, yerli federasiya onun London Olimpiadasına daha yaxşı hazırlaşmaq üçün Almaniyaya toplanışa göndərəcək.