00:55 06-07-2011
news_image
1618
STOLÜSTÜ OYUNLAR

“Şəxsi maraqlar kənara qoyulsa, dünya və olimpiya çempionu olarıq”

İyulun 15-də Çinin Ninqbo şəhərində şahmat üzrə komandalararası dünya çempionatı start götürəcək. Bu mötəbər yarışa millimiz də qatılacaq ki, komanda təlim-məşqə optimal heyətlə toplaşıb. Çünki bir illik fasilədən sonra Vüqar Həşimov da yığmaya qaytarılıb. Bu və mundiala hazırlıqla bağlı qrossmeysterimiz apasport.az saytının suallarını cavablandırıb.

- Çoxdandır mətbuatda görünmürsünüz. Buna səbəb nədir?
- Bu, qrafikin sıxlığından irəli gəlir. Son zamanlar Vətəndə olmuram. Bütün gücümü qarşıdakı yarışların hazırlığına yönəltmişəm.

- Son hazırlığınız hansı ölkədə keçdi? Ümumiyyətlə, daim hansı məşqçi ilə çalışırsınız?
- Avstriya paytaxtı Vyanada hazırlaşırdım. Bir aydan çox idi ki, orda idim. Düzü, idmançılar həmişə hazırlaşmalıdırlar. Yarış var, ya yox, bunun heç bir əhəmiyyəti yoxdur. Kimlə hazırlaşdığıma gəlincə, bu, şahmatçıların hamısında sirdir. Əgər kimsə düşünürsə ki, Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun məşqçiləri 1-2 nəfər olub, ya heç olmayıb, bu, düzgün sayılmazdı. Hər ikisinin böyük komandası olub.

- Yaxın günlərdə Çində dünya çempionatı keçiriləcək ki, həmin yarışa siz də yollanacaqsınız. Hazırda ümumi durumu necə dəyərləndiririrsiniz?
- Dünəndən Qəbələdə təlim-məşqdəyik. Bir həftə burada qalacağıq. Toplanışda seçmə komandanın bütün üzvləri iştirak edir: mən, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov və kapitan Vladimir Tukmakov. Fikrimcə, hər şey yaxşı olacaq.

- 1 il milli komandadan kənar qalmağınız, yəqin ki, təsirsiz ötüşməyib...
- Anladım. Kənar qalmaq deyərkən, ötən il olimpiadada iştirak etməməyimi nəzərdə tutursunuz. Açığı, o vaxt mən tərəfdən problem yox idi. Düşünürdüm ki, olimpiadada oynayacam. Sadəcə, çağırmadılar, mən də gəlmədim. İndi dəvət edildim və öz şəxsi maraqlarımı kənara qoyub, komandaya döndüm. Bunu Vətənimə görə etdim. Əgər şahmatçıların hər biri və məşqçisi mənim kimi şəxsi maraqlarını arxa plana çəksə, Allah qoysa, onda biz həm dünya, həm də olimpiya çempionu olarıq. Komandada olmadığım bu 1 ilə gəlincə, biz peşəkarıq. Xeyli zamandır bir yerdə oynayırıq. Bu səbəbdən, elə də problem görmürəm. Bizim çox güclü, cavan və mübariz komandamız var.

- Şəxsi maraqlar deyəndə, nəyi nəzərdə tutursunuz?
- Bu ərəfədə İsveçrənin Bil şəhərində şahmat festivalı keçiriləcək. Bir müddət öncə həmin yarışda iştirakla əlaqədar təşkilatçılarla müqavilə imzalamışdım. Şahmatçıların ümumi sayı 6 nəfərdir. İndi mənim əvəzimə Aleksey Şirov oynayacaq.

- Demək, dünya çempionatında mübarizə aparmağınızla əlaqədar müqaviləni ləğv etdiniz. Buna görə cərimə ödənildi?
- Federasiyamızın prezidenti Elman Rüstəmov sağ olsun, məsələni həll etdi.

- Bizdə olan məlumata görə, sizə Almaniya milli komandasının adından çıxış etmək təklif olunmuşdu. Bu, doğrudurmu?
- Tək Almaniya yığmasından deyil, bir neçə ölkədən təklif gəlmişdi. Adlarını açıqlamaq istəmirəm. Sadəcə, təklifləri qəbul etmədim. Çünki Vətənimi sevirəm. Ölkə başçısı cənab İlham Əliyev həmişə mənə etimad göstərib. Mətbuat və idmançılar da dəstək veriblər. Sevinirəm ki, olanlar arxa qaldı və biz yeni yolun başlanğıcına gəldik.

- Dünya çempionatından sonrakı planınız nədən ibarətdir?
- Gələn ayın sonu Xanti-Mansiyskdə Dünya Kuboku keçiriləcək. Həmin turnirdə mübarizə aparacam.

Kamran HACI