13:41 11-07-2011
news_image
1027
DÖYÜŞ NÖVLƏRİ

Heybətulla Hacəliyev 2 arzusunu birdən reallaşdırmaq istəyir

“Avropa çempionatında uğurlu çıxış hər birimizdə gözəl əhval-ruhiyyə yaradıb. Çünki qitənin ən mötəbər yarışı bizim komanda üçün əla keçdi”. Bunu apasport.az saytına açıqlamasında boks üzrə Azərbaycan milli komandasının üzvü Heybətulla Hacəliyev deyib.

64 kq çəki dərəcəsində çıxış edən idmançımız son Avropa çempionatında qazandığı bürünc medalın əyarını dəyişmək arzusundadır. Lənkəranda keçirilən məşqlərdə yorulmadan çalışan Hacəliyev bildirib ki, əsas məqsədi 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında lisenziya qazanmaqdır: “Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazandıq. Bunun davamını gətirmək istəyirik. Azərbaycanda keçiriləcək dünya çempionatında yığmanın hər bir üzvü kimi mən də bütün gücümü səfərbər edərək həm medal, həm də lisenziya qazanmağı planlaşdırıram. Bunun üçün artıq rəqiblərimin də döyüşlərini izləyirəm. Fikrimcə, bu yarışda mənim çəkimdə irlandiyalı, kubalı, rusiyalı və amerikalı boksçular daha güclüdür”.

Qeyd edək ki, sentyabrın 26-da Bakıda start götürəcək və oktyabrın 8-ə qədər davam edəcək mundialda 600-ə yaxın idmançının iştirakı gözlənilir. 2012-ci il London Olimpiadasına lisenziya xarakteri daşıyacaq dünya çempionatında 92 idmançı olimpiya vəsiqəsinə sahib olacaq. İlk 8 çəkinin hərəsində 10, 91 kq-dək və 91 kq-dan ağır çəki dərəcələrinin hərəsində isə 6 nəfər Londonda çıxış imkanı qazanacaq.

Tahir HÜMMƏTOV