13:21 11-07-2011
news_image

Azərbaycan taekvondoçusu Avropa çempionatından medalla qayıdır

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmələr arasında 4-cü Avropa birinciliyinə yekun vurulub. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda 30-dan artıq ölkənin idmançıları iştirak edib və onlardan 20 seçmə komandanın üzvləri medal qazana biliblər.

Baş məşqçi, respublikanın əməkdar məşqçisi Məmməd Abdullayevin rəhbərlik etdiyi yeniyetmələrdən ibarət seçmə komandanın üzvlərindən ən yaxşı nəticəni Elnur Məhərrəmov (+65 kq) göstərib. Gəncə taekvondo məktəbinin yetirməsi bürünc mükafata sahib olub. Digər 3 idmançımız - Məhəmməd Məmmədov (45 kq), Yusif Hüseynli (49 kq) və Zeyvi Kərimova (+59 kq) isə son anda bürünc medal şanslarını əldən veriblər.

Qeyd edək ki, Gürcüstanın paytaxtında Avropa birinciliyi yeniyetmə taekvondoçularımızın bu il ikinci beynəlxalq yarışı olub. Fevralda İsveçdə “Trelleborq Open” turnirində iştirak edən idmançılarımız 3 qızıl, 2 gümüş və 3 bürünc olmaqla 8 medal qazanıblar.