15:31 12-07-2011
news_image
1707
DÖYÜŞ NÖVLƏRİ

“O, məni təxribata sürükləmək istəyir” - MÜSAHİBƏ

Boks üzrə Azərbaycan milli komandasının üzvü, son Avropa çempionatının qalibi Teymur Məmmədovun apasport.az saytına müsahibəsi

- Avropa çempionatının ardından başlayan qısa istirahətdən sonra bərpa prosesinə start vermisiniz. Sentyabrda Bakıda başlayacaq dünya çempionatına hazırlıq necə gedir?
- Hər şey yüksək səviyyədədir. Yaradılmış şəraitdən bütün komanda razıdır və buna görə federasiyamızın rəhbərliyinə minnətdarlığımızı bildiririk. Bizi qarşıda dünya çempionatı kimi məsul yarış gözləyir. Yığmamızın hər 1 üzvü burada medal qazanmaqla yanaşı, London-2012-yə lisenziyaya yiyələnməyi də planlaşdırır. Hamımıza yalnız yaxşı məşq edib, özümüzü göstərmək qalır.

- Avropa çempionu olduqdan sonra ilk rəsmi yarışın dünya çempionatı olacaq. Növbəti qələbəyə köklənmək çətin deyil ki?
- Əlbəttə, qitənin ən güclüsü olduqdan sonra özümə inam hissi daha da artıb. Avropa çempionatından sonra bizi Azərbaycan Boks Federasiyasının prezidenti Kamaləddin Heydərov qəbul etdi və nailliyyətimizi böyük uğur kimi qiymətləndirdi. Bu, hər bir boksçuda yüksək əhval-ruhiyyə yaradıb. Mən dünya çempionatında da qızıl medal qazanmağı planlaşdırıram. Turnirin Bakıda olacağını nəzərə alsaq, üzərimə düşən vəzifəni yaxşı başa düşürəm. İnşallah, uğur bizimlə olacaq.

- Siz 91 kq çəkili boksçuların yarışında mübarizə aparırsınız. Lakin çəkiniz heç də onlarla eyni deyil, azdır. Bu, mundialda problem yaratmayacaq ki?
- Hazırda 82 kq-am. Özümdən 9 kq çəkisi çox olanlarla döyüşəcəyəm. Bunun isə müsbət və mənfi cəhətləri var. Belə ki, rəqiblərimin çəkiləri ağır olduğundan, mənimlə müqayisədə daha güclü zərbələrə malikdirlər. Əvəzində, mən onlara nisbətən daha cəldəm. Mümkündur ki, onlar 1 və ya 2-ci raunddan sonra yorulsunlar. Amma mən bu cəhətdən əziyyət çəkmirəm.

- Amma Avropa çempionatı ilə müqayisədə dünya birinciliyi daha gərgin keçəcək. Çünki qitə çempionatında bir çox ölkələr 1 nömrələrini yarışın keçirildiyi Ankaraya gətirməmişdilər...
- Mən öz çəkimdə Avropa çempionatına gəlməyən boksçular barəsində müəyyən informasiyalar toplamışam. Çəkimdə güclülərdən biri rusiyalı Artur Beterbiyevdir. Ondan boyca hündürəm və rəqibimi məğlub etməyin yolunu müəyyənləşdirmişəm. Digəri isə ukraynalı boksçudur. Onlar Avropa çempionatına da qatılmamışdılar.

- Avropa çempionatının finalında qarşılaşdığınız bolqarıstanlı Tervel Pulev məğlubiyyətində burnumdakı problemin də özünü göstərdiyini və nəticədə nəfəs almaqda da çətinlik çəkdini bəhanə gətirib...
- Necə? Bu, bəhanədən başqa heç nə deyil. Çünki o, mənimlə döyüşə kimi 4 görüş keçirmişdi. Necə oldu ki, məhz mənimlə döyüşdə problemi yarandı? Deyəsən, o məni təxribata sürükləmək istəyir. Düzdür, Pulev əsas rəqiblərimdən sayılır. Amma mən bilirəm ki, o, 1 raundluq boksçudur. Hər bir yarışın növbəti raunddalarında onu üstələyəcəyimə əminəm. Çox istərdim ki, Bakıdakı dünya çempionatında onunla bir daha qarşılaşım və ona gücümü sübut edim.

- Bəs dünya çempionatında əsas hədəfiniz nə olacaq? Medal, yoxsa London Olimpiadasına lisenziya qazanmaq?
- Hər ikisi. Özümü yaxşı tərəfdən göstərəcəyimə inanıram. Həm medal, həm lisenziya qazanacağıma ümid edirəm. Döyüşlərdə isə bunu öz gücümlə sübut edəcəyəm.

Tahir HÜMMƏTOV