18:20 12-07-2011
news_image
2420
DÖYÜŞ NÖVLƏRİ

“London-2012-yə lisenziya qazanacağıma söz verirəm”

“Bizim üçün Avropa çempionatından sonra bərpa prosesi keçməyə əla şərait yaradılıb. Federasiyamızın komandaya diqqətindən hamımız razıyıq və hər birimiz çalışacağıq ki, onların əziyyətini yerə vurmayaq”. Bunu apasport.az saytına açıqlamasında boks üzrə Azərbaycan milli komandasının üzvü Fərid Paşayev (+91 kq) deyib.

Yığmamızın ən ağır çəkili boksçusu Lənkəranda keçirilən hazırlıqda üzərində səylə çalışır. O, bildirib ki, millimizdə +91 kq-da həmişə problem olsa da, bu dəfə onu aradan qaldırmaq gücündədir: “Qarşıda bizi London Olimpiadasına lisenziya verəcək dünya çempionatı gözləyir. İstəyirik ki, Bakıda təşkil olunacaq yarışda Azərbaycan bayrağını yüksəklərə qaldıraq və vətənimizdə doğma himnimizi səsləndirək. Dünya çempionatında mümkün qədər lisenziya qazanmaq komandamızın arzusudur. Özümə gəldikdə isə qələbəmdə heç bir problem görmürəm”.

Paşayev dünya çempionatında lisenziya qazanacağına söz də verib: “Mən London-2012-yə lisenziya qazanacağıma söz verirəm. Bunun üçün məşqlərimi daha da artıracağam. Məşqçilərimin əziyyətini qiymətləndirmək istəyirəm. Bundan əlavə, sübut edəcəyəm ki, Azərbaycan yığmasının ağır çəkililəri də boksu bacarır”.

Tahir HÜMMƏTOV