14:10 13-07-2011
news_image
1484
DÖYÜŞ NÖVLƏRİ

“Bu uğuru dünya çempionatında da davam etdirməliyik” - MÜSAHİBƏ

Boks üzrə Azərbaycan milli komandasının kapitanı Rəhim Nəcəfovun (56 kq) apasport.az saytına müsahibəsi

- Qarşıda sizi London-2012-yə lisenziya xarakterli dünya çempionatı gözləyir. Artıq məşqlərinə start verdiyiniz yarışa hazırlığı necə dəyərləndirərdiniz?
- Hər şey əla, planauyğun şəkildə gedir. Azərbaycan Boks Federasiyası bizə hərtərəfli qayğı göstərir. Lənkəranda bərpa prosesi isə komandaya böyük fayda verəcək. Biz bundan öncə də tez-tez təlim-məşq toplanışlarında olmuşuq. Bunun nəticəsi olaraq, az öncə başa çatan Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazandıq və qitənin 2-ci ən güclü komandası adına yiyələndik. Bizi yalnız güclü rusiyalı boksçular qabaqladılar. Düzdür, yığmamız Rusiyada da təlim-məşq toplanışı keçmişdi. Bunun da faydası qitə çempionatında özünü göstərdi. Hazırda isə Avropa çempionatından sonra öz formamızı bərpa edirik.

- Amma Avropa çempionatında şəxsən sizin çıxışınız heç də uğurlu alınmadı. Bunu nə ilə izah edərdiniz?
- Düzdür, mən ilk döyüşümdə uduzaraq, yarışda mübarizəni vaxtından əvvəl dayandırdım. Bunun da bir neçə səbəbi var. Belə ki, Avropa çempionatı öncəsi bibim oğlunun ölüm xəbərini aldım və Rusiyada hazırlıqda komanda yoldaşım Sadiq Eynullayevin ciddi zədələnməsinin şahidi oldum. Bütün bunlar mənə pis təsir etdi. Bu da çıxışıma öz nəticəsini göstərdi.

- Bəs dünya çempionatından hansı nəticə gözləyirsiniz?
- Bu yarışa təxminən 70 gün vaxt qalıb. İnşallah, nəticə yaxşı olmalıdır. Milli komandamız məsul turnirə yüksək əhval-ruhiyyədə hazırlaşır. Fikrimcə, yığmamız üçün son Avropa çempionatı uğurla başa çatdısa, bunu dünya çempionatında da davam etdirməliyik.

- Yəqin ki, Avropa çempionatında öz səhvlərinizdən nəticə çıxartmısınız. Hazırda çatışmayan cəhətləriniz varmı və bunun üzərində necə işləyirsiniz?
- Bəzi çatışmayan cəhətlərim var. Bunu bərpa hazırlığından sonra üzərimdə daha səylə çalışmaqla, aradan qaldıracağam. İnanıram ki, mundialda özümü göstərməyi bacaracağam.

- Komandada hazırlıq dövründə gözəl abı-havanın da şahidi olduq...
- Bəli, bu, belədir. Hazırda əhval-ruhiyyəmiz əladır.

- Ancaq yığmanın kapitanı kimi sizin də üzərinizə böyük məsuliyyət düşür. Bunu daşımaq sizin üçün əlavə yük olmayacaq ki?
- Xeyr. Bunu çox yaxşı dərk edirəm. Hazırda komandamızda mehribançılıq hökm sürür. Hamımız yerli uşaqlarıq və məsuliyyəti yaxşı başa düşürük.

- Dünya çempionatında London Olimpiadasına neçə lisenziya qazana bilərik? Bu, maksimum sayda mümkündürmü?
- Fikrimcə, bu yarışda 6-dan az lisenziyamız olmayacaq. Təbii ki, bu saya mən də daxiləm.

- Avropa çempionatı ilə müqayisədə heyətdə dəyişiklik ola bilərmi?
- Bu, 2-3 çəkidə baş verə bilər. Ancaq digər çəkilərdə 1 nömrələrin yerini digərlərinin tutacağına inanmıram. Məsələn, 69 kq-da komandamızın əsas üzvü Sadiq Eynullayev idi. Lakin Rusiyada məşqdə zədə aldığından, onu Osman Əliyev əvəz etdi. Bu boksçu isə Avropa çempionatında özünü göstərə bilmədi və nokauta düşdü. Ona görə də Osmanın yerini digər boksçularımız tuta bilərlər.

- Ölkə xaricində keçirilən təlim-məşq toplanışlarının faydasını nədə görürsünüz?
- Azərbaycandan kənarda olduğumuz zamanı məşqlər çox əla keçir. Orada hər şey daha yaxşı alınır. Evin içində bir qədər asan olsa da, kənarda çətinliklə üzləşirsən. Bu isə yarışlara daha yaxşı hazırlaşmağa xidmət göstərir.

- Bəs burada digər yığmaların sizin məşqlərinizi izləməyi sonra problem yaratmır ki?
- Biz belə olan halda, öz döyüşümüzü gizlədirik. Fikrimcə, bu, belə olmalıdır.

Tahir HÜMMƏTOV