08:37 18-07-2011
news_image

Boksçularımız Rusiyadan 4 medalla qayıdırlar

Rusiyanın Mahaçqala şəhərində keçirilən Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş ənənəvi boks turnirinin qalibləri müəyyənəşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının 4 üzvü – Məhəmməd Abdulhəmidov, Soltan Migitinov, Abdulqadir Abdullayev və Məhəmmədrəsul Məcidov finalın bir addımlığında büdrəyiblər.

52 kq çəki dərəcəsində mübarizə aparan Abdulhəmidov yarımfinalda rusiyalı Yevgeni Yermakovla üz-üzə gəlib. Bərabər mübarizə şəraitində keçən döyüş 3:3 hesabı ilə başa çatsa da, hakimlər qələbəni rəqibə veriblər. London Olimpiadasına vəsiqə qazanan Soltan Migitinov (75 kq) isə zədələndiyindən Xaybula Musalovla görüşü sonadək davam etdirə bilməyib. 91 kq çəki dərəcəsində yarışan Abdullayevin rusiyalı dünya və Avropa çempionu Artur Beterbiyevə ciddi müqavimət göstərə bilməyəcəyi öncədən bəlli idi. Proqnozlar özünü doğruldub. 11:3 hesabı ilə qalib gələn Beterbiyev finala vəsiqə qazanıb. Məhəmmədrəsul Məcidov (+91 kq) da yarımfinalda məğlub olaraq, bürünc medalla kifayətlənib. Boksçumuz Rusiya komandasının üzvü Arslanbek Mahmudova 4:8 hesabı ilə uduzub. Beləliklə, Umaxanov turnirində 4 boksçumuz 3-cü yerə layiq görülüb.