Çinin Ninbo şəhərində keçirilən dünya çempionatında bu gün III turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, ilk 2 matçdan sonra aktivində 3 xalı olan şahmat yığmamız bu dəfə Macarıstanı sınağa çəkib.
Komandamızın kapitanı Vladimir Tukmakov macarlarla oyunda yenidən dəyişikliyə əl atsa da, bu özünü doğrultmayıb. O, I turda Çinlə oyunda olduğu kimi III lövhəni yenidən Rauf Məmmədova həvalə edib və qrossmeysterimiz mundialda yeganə qadın iştirakçı Yudit Polqarla bacarmayıb – 0:1.
Şəhriyar Məmmədyarov isə yenidən IV lövhədə özünü göstərməli olub. Lakin o “qıyıqgözlülər”lə oyundan fərqli, bu dəfə qələbə qazana bilməyib və 0,5 xalla kifayətlənib. Onunla bərabər, Teymur Rəcəbov və Vüqar Həşimov da görüşlərini sülhlə başa vurub.
Nəticədə 1,5: 2,5 hesablı məğlubiyyət yığmamızın geriləməsinə səbəb olub. Komandamız ukraynalı və çinli zəka sahiblərinin 2 xal qazanmalarından sonra 3-cü yeri 5-ci pillə ilə dəyişiblər.
Halbuki, 3,5:0,5 hesablı qələbə təmsilçilərimizi vahid liderə çevirəcəkdi. Çünki 2 turdan sonra millimizi turnir cədvəlində qabaqlayan Ermənistan - Rusiya şahmatçılarının dueli heç-heçə çatıb.
Beləliklə, bu turdan sonra Rusiya yığması I pillədəki yerini qoruyub. II yerdəki Ermənistan şahmatçıları da mövqelərini əldən verməyiblər. İlk “3-lüyü” isə artıq Ukrayna qapayır.
Sabah həmyerlilərimiz güclü Rusiya komandası ilə qarşılaşacaq.
III tur
MACARISTAN – AZƏRBAYCAN - 2,5:1,5
Peter Leko (2717) – Teymur Rəcəbov (2744) - 0,5:0,5
Zoltan Almaşi (2726) – Vüqar Həşimov (2760) - 0,5:0,5
Yudit Polqar (2699) – Rauf Məmmədov (2679) - 1:0
Çaba Baloq (2643) – Şəhriyar Məmmədyarov (2765) - 0,5:0,5
ERMƏNİSTAN - RUSİYA - 2:2
HİNDİSTAN - UKRAYNA - 1,5:2,5
ÇİN - İSRAİL - 1,5:2,5
MİSİR - ABŞ - 0,5:3,5
Komanda | O | Q | H | M | X | ŞG |
---|
1. Rusiya | 3 | 2 | 1 | 0 | 5 | 8 |
---|
2. Ermənistan | 3 | 1 | 2 | 0 | 4 | 7,5 |
---|
3. Ukrayna | 3 | 2 | 0 | 1 | 4 | 6,5 |
---|
4. İsrail | 3 | 2 | 0 | 1 | 4 | 6 |
---|
5. Azərbaycan | 3 | 1 | 1 | 1 | 3 | 6,5 |
---|
6. ABŞ | 3 | 1 | 1 | 1 | 3 | 6,5 |
---|
7. Çin | 3 | 1 | 1 | 1 | 3 | 6 |
---|
8. Macarıstan | 3 | 1 | 1 | 1 | 3 | 5,5 |
---|
9. Hindistan | 3 | 0 | 1 | 2 | 1 | 4,5 |
---|
10. Misir | 3 | 0 | 0 | 3 | 0 | 3 |
---|
Qeyd edək ki, ilk turda Çinlə heç-heçə edən millimiz II turda Hindistan yığmasına 3:1 hesabı ilə qalib gəlib.