11:41 20-07-2011
news_image
1331
STOLÜSTÜ OYUNLAR

Qədir Hüseynov: Bir çoxlarına ondan nümunə götürməyə dəyər - MÜSAHİBƏ

Azərbaycan şahmatçısı Qədir Hüseynov Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, qrossmeysterimiz Çinin Ninbo şəhərində keçirilən dünya çempionatında millimizin çıxışı, qidalanması və Vüqar Həşimovun yığmaya qayıdışından danışıb. O, həmçinin mundialda favoritin adını da açıqlayıb.

- Qədir yığmanızda mətbuatla ünsiyyətə qadağa varmı?
- Bizdə heç bir məhdudiyyət yoxdur. Biz mətbuatla rahat ünsiyyət qururuq. Mən bunda pis nəsə görmürəm və bu, oyunlar ərəfəsində belə fikrimi bir o qədər də yayındırmır.

- II turda Hindistanla oyun barədə nə deyə bilərsiniz? İlk baxışdan onları məğlub etmək Azərbaycan yığması üçün asan oldu. Komandanız ağ fiqurlarla 2 qələbə qazandı. Sizin vəziyyətiniz də uduşa yaxın idi. Onlarla matç həqiqətən də sadə alındı? Bəs öz oyununuzu necə qiymətləndirirsiniz?
- İlk olaraq, Şəhriyar Məmmədyarov rəqibini çox asan məğlub etdi. Bundan sonra hamı daha rahat oynamağa başladı. Teymur Rəcəbovun isə əla oyunu qələbə ilə nəticələndirdikdən sonra matçda hər şey aydın oldu. Mənim və Vüqar Həşimovun heç-heçələri matçda bizim qələbəmizi rəsmiləşdirdi. Öz çıxışıma gəlincə, pis oynamadım. Rəqibimi üstələdim və hətta 3 dəfə uduş vəziyyəti ala bilərdim.

- III turda Macarıstanla görüşdə siz gözlənilən kimi ehtiyatda qaldınız. Çünki bir çoxlarının fikirləşdiyi kimi Şəhriyar ağ fiqurlarla olan bütün partiyaları oynayacaq. İlk 2 turda isə bu taktika özünü tamamilə doğruldub və Şəhriyar iki 100 faizlik nəticə göstərib...
- Bu, birmənalı taktika deyil. Belə oynamaq Şəhriyara da asan olmur. Çünki hamı ondan yalnız qələbə gözləyir. Heç-heçə uğursuzluq kimi qarşılanır. Mənə və Rauf Məmmədova isə qara fiqurlarla oynamaq elə də asan deyil.

- Ninbo şəhərində qidalanma məsələsini həll edə bildinizmi? Tək düyü ilə qidalanmaq elə də asan deyil. Siz menyunuza əlavə nə daxil etmisiniz?
- Demək olar heç nə. Əsasən düyü və meyvələr yeyirik. Qidalanma problemi tək bizim komandada deyil, digərlərində də qalmaqdadır. Lakin elələri də var ki, onları hər şey qane edir. Məsələn, Rusiya milli komandası. Görünür ki, hər şey vərdişlərdən asılıdır. Burda menyunun 95 faizi dəniz məhsullarıdır. Özü də bunlar bizim üçün ekzotikdir.

- Bəs mundialda sizə hansı komandalar daha güclü təsir bağışlayır?
- Mənim cavabım gözləniləndir. Favorit çox inamlı oynayan Rusiya yığmasıdır. Bizdən savayı medallar uğrunda isə Çin, Ermənistan və Ukrayna mübarizə aparacaq.

- Billdə beynəlxalq turnir start götürüb. Vüqar Həşimov öz öhdəliklərini və maddi arzularının əksinə olaraq, yığmanı dəstəkləməyə qərar verdi. Sözsüz ki, bu, komandanın birliyindən xəbər verir...
- Vüqara afərin! Bu qərarı ilə o hamıya sübut etdi ki, yığmada oynamağı çox istəyir və Azərbaycan onun üçün maddi maraqlardan üstündür. Fikrimcə, bir çoxlarına ondan nümunə götürməyə dəyər. Çünki pul həyatda heç də ən vacib şey deyil. Bu məsələdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovu xüsusi qeyd etmək istərdim. O, şəxsən Vüqarın məsələsi ilə məşğul oldu ki, Həşimov Billdəki turnirdən imtinaya görə ziyana düşməsin. Nəticədə İsveçrədəki turnirin təşkilatçıları ilə razılıq əldə olundu. Onlara da konpensasiya verildi ki, digər güclü şahmatçı tapa bilsinlər. Hamı razı qaldı.