10:32 21-07-2011
news_image
1588
STOLÜSTÜ OYUNLAR

Millimizin kapitanı: Biz başımızdan yuxarı tullandıq - MÜSAHİBƏ

Çinin Ninbo şəhərində təşkil olunan şahmat üzrə dünya çempionatının IV turunda Azərbaycan millisinin Rusiya yığmasını məğlub etməsi böyük əks-səda doğurub. Apasport.az saytının məlumatına görə, bu qələbə Rusiya mətbuatının da diqqət mərkəzinə düşüb və həmkarlarımız şahmatçılarının uduzmalarını millimizin kapitanı Vladimir Tukmakovla müzakirə ediblər. Ukraynalı mütəxəssis isə söhbətində Rusiya üzərində ilk tarixi qələbədən danışıb.

- Qələbədən sonra komandada ab-hava necədir?
- Həm mənim, həm də uşaqların emosiyaları başadüşüləndir.

- Hansı emosiyalar? Oyun bitdi və yəqin ki, siz dərhal bir yerdə oldunuz... Bu zaman ilk sözlər, ilk emosiyalar nə oldu?
- Nə emosiyalar... Əl çaldıq və qucaqlaşdıq. Hər şey sözlərsiz aydındır. Mən Azərbaycan komandasının tarixini diqqətlə öyrənməmişdim. Ancaq bildiyimə görə, bu, Rusiya üzərində ilk qələbədir. Buna görə də bütün amillər haqqında, çempionatda yeni başlayan mübarizə haqqında danışmasaq, bu, ilk qələbə Azərbaycan şahmatı üçün tarixi əhəmiyyət daşıyır. Qalib gəldiyimiz Rusiya milli komandası dünyada tarixən güclü olub və bunu davam etdirir.

- Burada məsələ tək tarixi uğurda yox - daha çox ondadır ki, konkret bu dünya çempionatında komandınız udmasa qarşıdakı 5 turda çətin ki, qızıl medallara namizəd olsun...
- Şübhəsiz ki, rusiyalılar bütün komandalar arasında ilk 3 turda ən etibarlı və inamlı oyun göstərmişdi. Bunu heç də bizim yığma haqqında demək olmaz. Ona görə bizim yalnız qələbə qazanmaq məqsədi ilə oynamağımızı demək düzgün deyil. Aydın məsələdir ki, Macarıstanla görüşdə gözlənilməz məğlubiyyətdən sonra çətin duruma düşmüşdük.

- Siz matç öncəsi hansı tapşırıqları vermişdiniz?
- Mən belə tapşırıqlara inanmıram. Xüsusilə də, bu cür matçlarda. Mən oynamağı tapşırmışdım. I lövhədə qaralarla rəqibin təzyiqinə tab gətirmək vacib idi. Teymur Rəcəbov da bu vəzifənin öhdəsindən çox asanlıqla gəldi. Bir neçə il öncə təsəvvür etmək olardımı ki, Yaniş qambiti ilə dünyanın ən güclü şahmatçılarına qarşı tab gətirmək olar? Lakin bu müasir şahmatın paradoksudur. III lövhədə qara fiqurlara gəldikdə, burada aydın idi ki, əsil qırğın gedəcək. Çünki hər 2 şahmatçı fəal fantaziya ilə oynayırlar. Yəni mən heç-heçə tapşırığı verməmişdim və bilirdim ki, böyük oyun olacaq. Lakin bu qarşılaşma 1 növ çox nöqtəliklə başa çatdı. Çünki axırıncı vəziyyətdə oynamaq olardı. Qaraların mövqeyi daha yaxşı idi. Yəqin ki, Şəhriyar Məmmədyarov digər lövhələrdə vəziyyəti qiymətləndirib qərara aldı ki, onlar kifayət qədər yaxşıdır. II lövhədə biz ağ fiqurlarla oynayırdıq və rəqibə təzyiq etməliydik. Son lövhədə isə 1 tərəfdən biz ağ fiqurlarla oynayırdıq, digər tərəfdən Peter Svidlerin nüfuzu və səviyyəsi əlbəttə ki, daha yüksəkdir. Ona görə də mütləq qələbə tapşırığı vermək... Elə alındı ki, şükür Allaha ən optimal, ən maksimal oyunlarımız – hansını ki, biz ağlımıza gətirmirdik, onlar həyata keçdi.

- Heyətlər məlum olduqdan sonra elə fikir yarandı ki, IV lövhədə siz ağ fiqurlarla oyunu “qurudacaqsınız”...
- Yox, yox. Qədir Hüseynov oyunu “qurutmur”, şahmat oynayır. Belə tapşırıq da verilməmişdi.

- Elə təsəvvür yaranır ki, siz bir növ məşqçi funksiyasını yerinə yetirirsiniz. Hər halda, son 2 ildə Rusiya yığması üçün kabusa çevirilmisiniz...
- Başa düşmürəm, niyə mən kabusam axı? Olimpiadada biz çətinliklə heç-heçə edə bildik. Özü də ki, çətinliklə. Bu bizim nailiyyətimiz oldu. Həmin vəziyyətdə heç-heçə bizə qələbəyə bərabər idi. Hər halda, 1 xal bizə daha sərfəli idi. Hansısa super nailiyyətləri mənim adıma yazmağı üçün heç bir əsas görmürəm. Hesab edirəm ki, Rusiya üzərində qələbə qazanıb, biz necə deyərlər başımızdan yuxarı tullandıq.

- Yəqin ki, siz məndən də yaxşı bilirsiniz ki, bəzən qələbələri həzm etmək, məğlubiyyətləri həzm etməkdən də çətin olur...
- Bəli.

- Son 4 turda sizə uğurlar arzulayıram.
- Sağ olun. Amma son 5 turda.