11:35 21-07-2011
news_image
1374
DÖYÜŞ NÖVLƏRİ

Millimiz üçün uğurlu reytinq cədvəli

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahı Azərbaycan milli komandasının idmançıları üçün uğurlu olub.

Belə ki, cüdoçularımız ya mövqelərini yaxşılaşdırıblar, ya da öz mövqelərini qoruyublar. Ağayar Axundzadənin yetirmələrindən daha çox irəliləyən isə Elmar Qasımov (100 kq) olub. O, reytinq xalını 341-ə çatdırmaqla 5 pillə irəliləyib və 27 yerdədir.

Nicat Şıxəlizadə (60 kq), 3 rəqibini arxada qoymaqla, 51-ci pilləni ələ keçirib. Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq) və Ramilə Yusubova (63 kq) da mövqelərini yaxşılaşdırıblar. Onlar hərəyə 1 pillə yuxarı qalxmaqla, müvafiq olaraq, 3-cü və 18-cidirlər (Rəcəbli və Yusubova).

İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Elxan Məmmədov (90 kq) və Kifayət Qasımova (57 kq) yerlərində sayıblar. Bu cüdoçular əvvəlki siyahıda olduğu kimi yenə də müvafiq olaraq, 19-cu, 14-cü, 5-ci və 11-ci pillədə qərarlaşıblar.

Xatırladaq ki, London-2012-yə Olimpiada ərəfəsində yekun siyahıda kişi idmançıların reytinqində ilk 22 yer, zəriflər arasında isə 12 yer lisenziya qazanacaq.