08:54 25-07-2011
news_image
1141
DÖYÜŞ NÖVLƏRİ

Rasim Məmmədov: Yarışda məlum olacaq, kim özünü necə göstərəcək

Qazaxıstan mətbuatı Astanada keçirilən yeniyetmələr arasında boks üzrə dünya birinciliyinə biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, yarışa qatılan komandaların baş məşqçiləri ilə söhbətləşən həmkarlarımız onların turnir haqda fikirlərini öyrəniblər. Azərbaycan milli komandasının baş məşqçisi Rasim Məmmədov da jurnalistlərin bir neçə sualını cavablandırıb.

- Təşkilatçılıq barədə nə deyə bilərsiniz?
- Bizi burda çox yaxşı qarşıladılar. Təşkilatçılıqdan razıyıq. Qidalanma yaxşıdır – bu isə yeniyetmə idmançılar üçün çox vacibdir. Burda cəmi bir gündür olsaq da, artıq şəhəriniz haqda müəyyən təsəvvürlərimiz var. Astanada birinci dəfədir oluram, gözəl şəhərdir. Qazaxıstana əvvəllər də səfər etmişik. Pavlodar və Almatıda keçirilən turnirlərdə iştirak etmişik.
- Siz dünya birinciliyinə 13 boksçu ilə gəlmisiniz?
- Yox, yalnız bir çəki dərəcəsində 66 kq-da təmsilçimiz yoxdur.

- Komandanızın qarşısına bu yarışda hansı məqsədlər qoyulub?
- Məqsədimiz həmişəki kimi mümkün qədər çox qələbə qazanmaqdır. Yarışda məlum olacaq, kim özünü necə göstərəcək. Bura çox güclü komandalar gəlib – Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan, Hindistan. Biz dünya birinciliyində yaxşı çıxış etməyə çalışacağıq. Uşaqların əhval-ruhiyyəsi əladır.

- Bu yaxınlarda – sentyabrda sizdə böyüklər arasında dünya çempionatı keçiriləcək. Fürsətdən istifadə edib soruşmaq istərdim, bu vacib yarışa hazırlıq necə gedir?
- Hazırda bəzi təşkilati məsələlər həll olunur. Əlbəttə, bu tək bizim üçün yox, bütün dünya boks ailəsi üçün çox vacib yarışdır. Lisenziya xarakterli dünya çempionatında çalışacağıq ki, işləri yüksək səviyyədə quraq.

- Ölkənizdəki yeniyetmə boksu haqda məlumat verərdiz...
- Hər yerdə olduğu kimi bizdə də yeniyetmə boksunda bu gün bir adam liderdir, sabah başqası. Yeniyetmələrdə inkişaf tez gedir. Ümumiyyətlə, yeniyetmələrdə psixoloji faktor böyük önəm kəsb edir.