11:08 26-07-2011
news_image
2280
STOLÜSTÜ OYUNLAR

“Mən həqiqəti deyirəm və heç nədən qorxmuram”

Azərbaycan milli komandasının şahmatçısı Vüqar Həşimov Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, qrossmeysterimiz dünya çempionatında uğursuz çıxışlarının səbəbini açıqlayıb, maraqlı fikirləri ilə diqqətləri yenidən özünə cəlb edib.

“Etiraf edirəm ki, Azmayparaşvili indiyə kimi ən yaxşı kapitanımız olub”

- Son turda Misirlə oyunun əhəmiyyəti barədə nə deyə bilərsiniz? Artıq turnir cədvəlindən göründüyü kimi bu heç nəyi həll etmir...
- Bəli. Bu matçın qətiyyən nəticəyə təsiri yoxdur. Ancaq təəssüf ki, bu görüş nəsə qalmaqallı alındı. Məsələ ondadır ki, hələ turnirə qədər təlim-məşq toplanışına getdiyimiz zaman yığmamızın kapitanı Vladimir Tukmakovla tanış olarkən, ondan məni Ninboda Misirlə heyətə daxil etməməyi xahiş etmişdim (təbii ki, bu matç heç nəyi həll etməsə idi). Bu, sırf psixoloji düşüncədən idi. Çünki Misirlə Bursadakı dünya çempionatındakı görüş xoş iz buraxmamışdı. Kapitan da cavabında mənə bunun nəzərə alınacağını demişdi.

- Vüqar, gəl xatırlayaq ki, Bursada nə olmuşdu? Bu məsələyə bir daha aydınlıq gətirək...
- Türkiyədə 2 məğlubiyyətdən sonra mən istirahət xahiş etdim. Bu da Misirlə oyuna təsadüf etdi. Həmin vaxt kapitanımız Zurab Azmayparaşvili idi. Onda mənə imtina olundu və mən... Həmin vaxt turnir mövqeyi, indi isə psixoloji baxımdan istirahət istədim.

- Bundan sonra qalmaqal baş verdi və siz uzun müddət milli komandada olmadınız. Yığmaya da məhz bu turnirdə qayıtdınız...
- Elədir. Hərçənd onda Azmayparaşvili kobud səhv etmişdi. Ancaq mən mədəni bir insan kimi onu etiraf etməliyəm ki, gürcü mütəxəssis 2009-da Novı Sad şəhərində keçirilən Avropa çempionatına əla kapitanlıq etmişdi. İndi etiraf edirəm ki, Azmayparaşvili görünür indiyə kimi bizim ən yaxşı kapitanımız olub. Təsadüfi deyil ki, həmin vaxt biz Serbiyada Avropa çempionu olduq.

- Dedikləriniz keçmiş və indiki kapitanın müqayisəsinə işarədir? Mən belə hiss edirəm...
- Bəli, indi elə vəziyyətdir ki, prinsipcə mənə istirahət veriləcəyinə əmin idim. Axı, bu oyun turnir cədvəli baxımından heç nəyi həll etmir. Ancaq mən cavab aldım ki, məsələn, Rəcəbovu əvəzləməyə hazırdırlar, məni yox. Ona görə ki, Teymur buna layiq olub, mən isə yox. Bax, komandanın kapitanından belə cavab gəldi. Əlbəttə, yumşaq desək, bu cavab bir o qədər yaxşı təsir bağışlamadı. Ancaq sonda isə Rəcəbov da oynayır. Əgər şəxsi göstəricilər belə vacibdirsə, onda gəlin yalnız şəxsi turnirlərdə oynayaq.

- Sonda kim istirahət edəcək?
- Rauf Məmmədov. Ancaq fikrimcə, son oyunda kimin istirahət etməsi prinsipial deyil.

“Əfsuslar olsun ki, bizdə bəzi oyunçular belə fikirləşmir”

- Mən bu vəziyyəti tam başa düşmürəm. Belə çıxır ki, sizi sadəcə cəza kimi oynadırlar. Çünki bu matç həqiqətən də heç nəyi həll etmir. Bundan əlavə, sizə şəxsi xal da lazım deyil...
- Tamamilə doğrudur. Ancaq cəza sözün əsil mənasında kobud çıxır. Çünki mundial normal keçdi.

- Dünya çempionatını qazanmadığınıza görə?
- Bəli, bu qəribə səslənir. Əslində, mən Aleksandr Qrişikla çox prinsipial görüşdə qələbə qazanaraq, millimizin Rusiyanı məğlub etməsində əsas pay sahibi oldum. Haradasa nöqsanlar var idi, haradasa bəxtimiz gətirdi. Lakin bu, yarışdır. Prinsipcə, mən burada 8 oyunu uduzsa idim belə, layiq olmadığımı söyləmək düzgün olmazdı. Mən bu görüşlərdə qələbə qazansa idim də layiq olduğumu demək düz deyil. Yəni ki, komanda kimsə layiqdir, kimsə yox, belə söhbət yoxdur. Bu vahid komandadır. Burada ümumi komanda marağı olmalıdır. Çünki udan da, uduzan da komandadır. Hər şey çox sadədir. Əfsuslar olsun ki, bizdə bəzi oyunçular belə fikirləşmir və buna görə də nəticə bu cür acınacaqlıdır. Təsadüfi deyil ki, 8 turdan sonra biz 7-ci yeri tuturuq.

- Onda sizin fikrinizə görə, bu turnirdə məhz komanda oyununuz yox idi?
- Bilirsiniz, mən həmişə komanda yarışlarında oynamağı xoşlamışam. Xüsusilə də, Azərbaycan millisində. Buna görə həmişə arzulamışam ki, biz nə vaxtsa dünya, Avropa, Olimpiya çempionu olaq. Novı Sadda belə oynamaq şansım yarananda mən ondan istifadə etdim. Bacardığım kimi sona qədər mübarizə apardım. Mənim üçün bu super vacib bir şey idi. Yəni, bütün komandaya görə canımdan keçməyə hazıram. Əfsuslar olsun ki, komandada bu cür fikirləşməyəndə belə alınır. Digər sözlərlə mən bilmirəm ki, bu vəziyyətdə komanda sözü nə dərəcədə düzgündür. İstəyirəm ki, bu komanda olsun, lakin yığmada hamı belə fikirləşmir. Görünür ki, kapitan da heç də ən obyektiv deyil.

- Əgər sizdə birinci yerdə komanda maraqları olmasa idi, bəzilərindən fərqli, Billdə keçirilən turnirdən imtina edib, dünya çempionatına gəlməzdiniz...
- Bəli. Onu etiraf etməliyəm ki, mən buna görə qonorarlardan imtina etdim. Yəni mən hər şeydən imtina etməyə hazır idim. Məni belə vəziyyətdə nə qonorarlar, nə də ümumiyyətlə heç nə narahat etmir. Ölkəmizin əsas komandasında oynamağa həmişə hazıram. Ancaq vacib odur ki, yığmada komanda ruhu olsun. Mən başa düşürəm ki, belə komandada oynamayan insanlar bəzən belə deyirlər: “Şəxsi turnirlərdə necə oynayasan? Bu futbol deyil ki, bir-birinə ötürmə edəsən”. Əslində isə bu, düzgün yanaşma deyil. Komanda ruhu praktiki olaraq, həlledici rol oynayır. Belə turnirlərdə birlik hər şeyi həll edir. Çünki çox güclü komandalar çıxış edir və onlar təxminən eyni səviyyədədirlər. Belə hallarda isə digər faktorlar – komanda ruhu kimi amillər ön plana çıxır.


“Mən oyuna çıxmasaydım, əsas günahkar sayılardım”

- Sizin hələ təlim-məşq toplanışlarında istirahətlə bağlı məsələni qaldırmağınıza ehtiyac var idimi? Bəlkə ümumiyyətlə, bu məsələni qaldırmazdınız və belə şeylər də olmazdı...
- Mən sadəcə, bir insan kimi xahiş etdim. Bunu soruşmağa isə öyrəşmişəm. Hər şeyi kağız üzərində rəsmiləşdirmirəm. Təəssüf ki, belə hallar üzücüdür. Ümumiyyətlə, təəccüblüdür! Başa düşürsünüz, əgər biz nəyinsə uğrunda mübarizə aparsa idik, mən heç olmasa ideyanı başa düşərdim. Ancaq deyəsən ki, yaxşı oldu, mən çıxıb oynayaram... Yəni, mənim Misirlə son turda oynayıb, oynamamağımın qətiyyən heç bir əhəmiyyəti yoxdur. Eləcə də, digər 4 komanda yoldaşım üçün. Kimi əvəzləmək fərq etmir. Əgər mən hələ turnirin əvvəlindən istirahəti xahiş edən yeganə oyunçuyamsa, niyə mənə bunu verməyəsən?

- Mən belə başa düşürəm ki, əgər Misirlə matç həlledici olmasa idi, sizə istirahət söz verilmişdi?
- Mənə bildirdilər ki, bu oyun heç bir əhəmiyyət kəsb etməsə, istirahət edəcəyəm. İndiki halda isə görüş heç nəyi həll etmir. Ancaq məsələni belə qoymaq ki, mən öz oyunumla istirahətə layiq deyiləm, bax, problem bundadır. Yəni, mənə sadəcə izah etsəydilər ki, məsələn kimsə pis oynayır və onun yerinə mübarizə aparıb – bu, başqa məsələ olardı. Ancaq cavabın özü...

- Vüqar, siz qorxmursunuz ki, bütün bunları açıqlayandan sonra yenə hər şeydə günahkar sayılacaqsınız və bu çempionatda Azərbaycanın uğursuz çıxışına görə sizi günahlandıracaqlar?
- Yox. Fikrimcə, mən oyuna çıxmasaydım, əsas günahkar sayılardım. Hətta deyim ki, komandada hamı bundan çox razı olardı. Lakin bu onları gözləmir. Başa düşürsünüz, mənim üçün fərqi yoxdur. Mən Misirlə oyuna növbəti sınaq kimi çıxacağam. Əlbəttə ki, mən uda da, uduza da, heç-heç də edə bilərəm. Lakin bu adi bir oyun olacaq. Yəni, mən hansısa digər turlarda da belə çıxış edə bilərəm. Mən 3 nəticəyə oynayıram. Necə olacaqsa, elə də yekunlaşacaq. Hansı nəticələrin qeydə alınması isə həyatımda heç nəyi dəyişməyəcək. Fikrimcə, mən xeyirxah insanam. Tale mənim üzümə gülür və həyatda heç nədən şikayət etmirəm. Bu ilk növbədə ona görədir ki, mən sevdiyim insanlar əhatə edir və bu, qarşılıqlıdır. Mənim üçün bu, kifayətdir.

“Əsas problem komandaya həmişə kənar şəxslərin müdaxilə etməsidir”

- Bəli, mən sizi başa düşürəm. Ancaq hər halda məsələ məhz ondadır ki, siz bunları açıq danışırsınız. Bəlkə heç bunu etməyə dəyməzdi? Bəlkə bunu komanda daxilində həll edərdiniz?
- Nə? Mən həqiqəti deyirəm və heç nədən qorxmuram. Bilirsiniz ki, insan düz olanda və həqiqəti deyəndə heç nədən çəkinməməlidir. Təbii ki, heç bir qalmaqal və müzakirə olmayacaq. Mən sadəcə olaraq, növbəti turnirə hazırlığımı davam etdirəcəyəm. Heç nə də olmayacaq.

- Azərbaycan milli komandasının gələcəyini necə görürsünüz? Bu və ya digər heyətlə...
- Gələcək... Belə deyək ki, heç nə dəyişməsə yığma üçün gələcək çox üzücü görünür. Lakin hələ ki, federasiyanın başında Elman Rüstəmov var. Mən inanıram ki, vəziyyəti dəyişmək olar. Çünki mən Elman müəllimlə görüşmüşəm və məhz bu şəxs mənim yığmaya qayıtmağımın səbəbkarı oldu. Yalnız o. Yəni mən bunu ancaq Rüstəmovla müzakirə etdim. Prinsipcə, o şahmatı, təbii ki, Azərbaycanı da sevir. Bu baxımdan bizim fikirlərimiz yüz faiz üst-üstə düşür. Mən çox və çox ümid edirəm ki, komandada vəziyyət dəyişəcək. Çünki Azərbaycan bütün dünyaya göstərdi ki, komanda şəklində ən yaxşı ola bilər. Ayrı-ayrı oyunlarda yox (biz Çində bunu göstərdik). Təbii ki, əsas problem komandaya həmişə kənar şəxslərin müdaxilə etməsidir. Bu indiyə kimi davam edir. Belə hal isə üzücüdür.

- Yəni, siz demək istəyirsiniz ki, hansısa kənar şəxs komandanıza maneçilik edib?
- Çətin ki, ona kənar şəxs deyəsən. Çünki bütün bunlar Bursada qalmaqalı yaradan insanlardır (təbii ki, mən Azmayparaşvilini nəzərdə tutmuram). Sonradan belə söz çıxardılar ki, mən Olimpiadada oynamayım. Həmin şəxslərin indiyə kimi komandaya aidiyyatı var. Bax, əsas problem bundadır. Ola bilsin ki, bu, yeganədir. Başqa heç nədə problem yoxdur. Mən çox üzgünəm. Məsələ ondadır ki, Azərbaycanda bizim komandaya görə çox həyəcan keçirirlər və azarkeşlik edirlər. Mən bunu hiss edirəm. Mən komanda adından üzr istəyərdim. Hərçənd, yığmada heç də hamı bunu başa düşmür. Ancaq mən komanda adından ümidləri doğrulmadığımız üçün bütün ölkə qarşısında üzr istəyirəm. Ancaq bundan sonra da komandamıza azarkeşlik etsinlər. Hər halda, mən Azərbaycan bayrağının həmişə yüksəkdə olması üçün hər şey edəcəyəm. Məndən tələb olunana hər şeyi daim yerinə yetirəcəyəm. Bunu isə kiməsə görə deyil, azərbaycanlı olduğuma görə edəcəyəm. Çünki mən bu ölkəni sevirəm. Vəssalam. Əsas odur ki, hamı bunu başa düşsün. Mən bu yığmada ona görə oynayıram ki, azərbaycanlıyam. Bu mənim vətənimdir. Ölkəmin həmişə yüksəkdə olması üçün hər şey etməyə çalışacağam.

- Çox sağ olun. Bu, Vüqar Həşimov idi. O, super turnirlər dəvət olunan oyunçulardan yeganə şəxsdir ki, paralel keçirilən həmin yarışlardan imtina edib, dünya çempionatına gəldi. Vüqar, buna görə peşman oldunuz?
- Qətiyyən. Mən heç vaxt peşman olmuram. Heç vaxt da heyfsilənməyəcəyəm. Əksinə, Allah ömür versə, uzun il yaşasam, 50, neçə il keçsə də Azərbaycan milli komandasında oynadığıma görə həmişə razı qalacağam. Bu planda bir anlıq olsun belə, peşman olmayacağam. Həmçinin, Bursada oynadığıma görə də heç vaxt heyfsilənməyəcəyəm. Bu mənim üçün böyük şərəfdir.