16:48 26-07-2011
news_image
2201
STOLÜSTÜ OYUNLAR

“Vüqar Həşimov özünü körpə kimi aparır” - MÜSAHİBƏ

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının kapitanı Vladimir Tukmakov Vüqar Həşimovun müsahibəsinə cavab verib. Apasport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis rusiyalı həmkarlarımızla geniş söhbətində qrossmeysterimizin səhv addım atdığını və komandada ciddi problem olmadığını bildirib.

“Dünən axşama kimi komandada qarşılıqlı ittihamlar olmayıb”

- Siz Azərbaycan yığmasının çox güclü oyunçularından komanda yarada bilmədiniz?
- Bilirsiniz, siz sualı mənə dünən versəydiniz, mən yox cavabı verərdim. Sizin mənfi sualınıza bu gün mən yox cavabı verə bilmərəm. Əksinə, komandada ab-hava normaldan yüksəkdir. Praktiki olaraq, dostluq ab-havasıdır. Xüsusilə də, bunun tarixçəsini nəzərə alsaq, o, sizə məlumdur. Biz onu burada bütün təfərrüatlarını açıqlamayacağıq. Bu komandanın çox pis oyunu fonunda baş verirdi. Belə hal isə uşaqları birləşdirmək əvəzinə, onlar arasında problem yaradır. Yəni, dünən axşama kimi komandanın yığıncaqlarında qarşılıqlı ittihamlar olmayıb. Açığı desəm, bu, hətta məni təəccübləndirdi. Mən isə təcrübəli insanam və bilirəm ki, bu, daxildə necə baş verir: adətən qələbələr komandanı birləşdirir, uğursuzluqlar isə soyuqluq yaradır. Bizdə isə bu uğursuzluqlar dərhal başladı və nadir uğurlar fonunda davam edirdi. Buna baxmayaraq, komandada ab-hava dediyimi kimi, normaldan yüksək idi.

- Düz başa düşürəmsə, Vüqar Həşimovun müsahibəsi sizin üçün hətta sürpriz oldu...
- Yox, o mənim üçün sürpriz olmadı. Çünki bundan əvvəl keçirilən yığıncaq məni hətta bu müsahibədən çox heyrətləndirmişdi. Vüqarın müsahibə verməsi, onun hələ məzmunu haqqında demirəm, mənə çox pis gəlir. Lakin biz bu məsələyə qayıdacağıq. İlk növbədə demək istərdim ki, Həşimovun müsahibəsi də olmasa, bu konflikti necə adlandıraq? Mən heç bilmirəm baş verənləri necə dəqiq xarakterizə etmək olar? O, komandanın daxili işi kimi qalardı və heç bir halda mətbuata çıxmazdı. Fikrimcə, bu əhvalat boş bir şeydir. Bir var ki, komanda son tur ərəfəsində heç bir mükafat uğrunda mübarizə aparmır, autsayderlə oynayır. Matçın nəticəsi heç nəyə təsir etmir. Komanda da oynamağa elə də can atmır. Xüsusilə də, təcrübəli şahmatçılar. Lakin oynamaq lazım olduğundan 4 nəfərə cəmi 5 şahmatçı olduğundan onlar oynamalıdır. Mən bunlardan 2 və ya 3-ünə istirahət verə bilmərəm. Ona görə də “Mən oynamaq istəməzdim” tipli sözlər normal bir şeydir. Dünənki yığıncaq adı bir toplantı deyildi. Çünki bu günkü tur əvvəlkilərdən fərqli səhər tezdən başlayırdı. Bunun üçün sifariş vərəqəsini axşam vermək lazım idi. Söz-söhbətə, şəxsi səbəblərin araşdırılmasına vaxt yox idi. İclasqabağı mənə tam aydın idi ki, Rauf Məmmədovu ehtiyatda saxlamaq lazımdır. O, oyunu toplantıdan az öncə bitirmişdi və təəssüf ki, məğlub olmuşdu. Lakin Şəhriyar Məmmədyarov təklif etdi ki, ehtiyatda qalsın. Bunu belə izah etdi ki, bu halda Rauf ağ fiqurlarla oynayacaq. Bu isə qara fiqurlarla eyni deyil. Mən həmin dəqiqə yox cavabını verdim. Çünki Rauf çox pis vəziyyətdə idi. Özünü komanda və mənim qarşımda günahkar sayırdı. Yəni onun oynamağı barədə məsələ qaldırmaq, insanlıqdan kənar olardı. Mən bu heyətin oynayacağını dedikdə, Həşimov bizim söhbətimizi xatırlatdı. Bu həqiqətən təlim-məşq toplanışına gələrkən yolda olmuşdu. Yol uzun idi və biz uzun müddət söhbətləşdik. Vüqar Bursada Misirlə oyunun onda pis xatirələrlə yaddaşında həkk olunduğunu bildirdi. Bu rəqiblə son matç heç nəyi həll etmədiyi təqdirdə oynamamaq istəyini açıqladı. Kim ki, şahmatla komandalararası yarışla maraqlanırsa, turnirə 3 həftə qalmış bu istəyin nə dərəcədə yersiz olduğunu anlayır. Mən bu vəziyyətdə ona deyə bilərdim? Dedim ki, oyundan öncə vəziyyətin necə olduğuna baxarıq. Sənin xahişini xatırlayıram. Ancaq təbii ki, sənə heç nə söz verə bilmərəm. Bu zaman Vüqar gözlənilmədən bunu razılaşmamız kimi qəbul etdi. Mən isə deyirəm ki, bu razılaşma deyil. Sənin xahişini xatırlayıram, ancaq aramızda razılaşma olmayıb. Bu sənin xahişindir, hansını ki, mən müsbət cavablandıra bilmərəm. Bunu ona görə edə bilmərəm ki, sən cəmi 8 partiya oynamısan. Bu qədər Rəcəbovla Məmmədyarov da oynayıb. Əgər sizləri müqayisə etsək, onda istirahəti daha çox Teymur haqq edir. O, qara fiqurlarla 5 partiya, özü də güclü rəqiblərə qarşı oynayıb. Bundan belə çıxır ki, Vüqar mənim onu pis oynamaqda günahlandırmaq və buna görə istirahətə haqqının olmaması qənaətinə gəlib. Rəcəbov isə dedi ki, əlbəttə mən oynayıram.

“Həşimov dedi ki, mən görüşə çıxmayacağam”

- Bəlkə mənə izah etdiyiniz kimi Vüqara da hər şeyi, bu vəziyyətdə niyə Rauf Məmmədovun istirahət etməli olduğunu başa salmalı idiniz?
- Birincisi, mən onun xətrinə dəymək istəmirdim. İkincisi isə Həşimov da mən və digərləri kimi bu komandanın üzvüdür. O, iclasda iştirak edən Məmmədovun vəziyyətini məndən pis başa düşməməli idi. Bu üzdən də ona izah etməməli idim ki, nəyə görə hətta lövhəyə baxmaq durumunda olmayan Raufu yox, onun oynamasını lazım bilirəm. O, 8 deyil, 9 partiya oynayanda nə olur ki? Hələ elə aşkar şeylər var ki, onlardan biri də imzaladığı müqavilədir. Orada açıq-aşkar yazılıb ki, kapitanın qərarı həlledicidir və müzakirə olunmur. O balaca uşaq deyil və ilk dəfə şahmat oynamır. Lakin niyə o? Əgər mən Həşimovun xahişini yerinə yetirsəydim ikinci lövhədə qara fiqurlarla Məmmədov oynamalı idi. Bunu Vüqar Həşimova və şahmat ictimaiyyətinə izah etmək lazımdırmı? Bu hələ son deyil. Bunlar mənim çərçivə daxilində saydıqlarımdır. İclasda deyilən ifadələrə heç də həmişə fikir vermirlər. Lakin Həşimovun reaksiyası məni təsirləndirdi. O deyir ki, sabah tura çıxmayacağam. Mən deyəndə ki, necə yəni çıxmırsan, cavabı belə oldu: Bax belə. Lakin nədənsə bunları öz müsahibəsində açıqlamır.

- Mən belə başa düşürəm ki, bu müsahibə komandanın toplantısından sonra olub...
- Düzdür. Deməli, o özünə qarşı incikliyi belə geniş halda sizə təsvir edib. Bəs Vüqar niyə onu da deməyib ki, oynamaqdan imtina edib. Həşimov dedi ki, mən görüşə çıxmayacağam. Əgər siz məni heyətə daxil etsəniz Misirlə oynamayacağam. Mən deyirəm ki, axı sən bunu necə edə bilərsən? Vüqarın cavabı belə oldu: bax, belədir, çıxmayacağam! Bu zaman dedim ki, belə halda bizim vaxtımız yoxdur. Çünki 10 dəqiqədən sonra sifariş vərəqəsini verməli idim. Onda I lövhədə Rəcəbov, II lövhədə Həşimov, III lövhədə Məmmədyarov və IV lövhədə Hüseynov oynayacaqlar. Vüqarın bir daha cavabı belə olur: Bəli, amma siz məni oyunda görməyəcəksiniz. Cavabında isə bildirdim ki, bu sənin hüququndur. Həşimov üzünü çevirərək, çıxıb getdi. Bununla onunla ünsiyyətimiz bitdi. Mən sifariş vərəqəsini verib, qayıtdım. Bütün uşaqlar məni gözləyirdi. Bu zaman onun oyun günü hərəkəti ilə bağlı müxtəlif dəyərləndirmələr edilirdi. Belə fikir var idi ki, Vüqar sözünü dəyişib, oyuna çıxacaq. Kimsə şansları yarıbayarı dəyərləndirirdi. Adını çəkməyəcəyim bir nəfər isə dedi ki, Həşimov oynamamaqla bağlı 100 söz verir. O, Vüqarı yaxşı tanıyır. Bax, onun dedikləri məni təsirləndirdi. Mən şahmat aləmində 50 ildir çalışıram, müxtəlif vəziyyətlər, mübahisələr, dalaşmalar, təhqirlər və ittihamlar görmüşəm. Bunların bəzən heyət müzakirə edəndə şahid olmuşam. Ancaq həyatımda heç vaxt belə arqument eşitməmişəm. Bu xoşbəxtçilik mənə nəsib olmayıb ki, sabah partiyaya çıxmayacağam arqumentini eşidəm. Müsahibəyə gəlincə, mən onu səhər gördüm. Belə nəticə çıxardım ki, Vüqar sonda oynamaq qərarına gəlib. Şübhəsiz ki, bu düzgün qərardır. Ancaq bağışlayın, o niyə belə müsahibə verirdi? Mən bunu sadəcə başa düşmürəm. Vəziyyət belədir ki, sabah 9-da oynamalıyıq. Siz isə müsahibəni Çin vaxtı ilə 23:45-də götürürsünüz. Həşimov isə yatmaq, partiyaya hazırlaşmaq əvəzinə, belə başa düşürəm ki, sizə zəng edir və müsahibə haqqında xahiş edir. Bu çox vacib amildir. O, müsahibə verərək komandanın praktiki olaraq bütün üzvlərini vətənpərvərliklərinin az olmasında, komanda ruhunun çatışmazlığında günahlandırır. Mən hələ özüm haqqında demirəm. Yalnız o düzgündür, özünü bütövlüklə verir. Digərləri isə yalnız onun pis olmaları barədə fikirləşirlər.

- Axı insan öz şəxsi fikirlərini demək hüququna malikdir...
- Şübhəsiz.

- Onun dünya çempionatından sonra belə təəssüratı yaranıb. Mən bunun nə qədər həqiqət olduğunu bilmirəm. Mən fikirləşmirəm ki, Vüqar aldadır...
- Şübhəsiz ki, Həşimov şəxsi təəssüratları ilə bağlı aldatmır. Bu, onun fikridir. Ancaq bütün bunlar üzücüdür. Bilirsiniz, Həşimovun bu vəziyyətdə hərəkəti mənə kimi xatırladır? Körpə, ərköyün və şıltaq uşağın hərəkətini. Ona nədənsə imtina etdikdə, uşaq kimi ayağını yerə vurur. Onun şərtlərini qəbul etdikdə isə dərhal sakitləşir. Mən bildiyimə görə, bu minimum üçüncü haldır. İlk 2 dəfə ona güzəştə gediblər. Ona görə də ərköyün uşaqla müqayisə aparmağım ağlıma təsadüfən gəlmədi. Əgər buna uşaqlarla deyil, böyüklərlə analogiya gətirsək, ağıla Robert Fişer gəlir. O da ətrafında olanlarla təxminən belə həll edirdi. Ultimatum qoyurdu və onun şərtləri sözsüz qəbul olunurdu. Fişer də belə çıxıb gedirdi. Biz bilirik ki, Robertin sonda taleyi necə nəticələndi. Fişer dünya çempionu oldu. Ancaq buna görə xərclədiyinə dəyərdimi? Bu böyük sualdır.

“Mən belə başa düşdüm ki, Şəhriyar buna hazır deyildi”

- Şəhriyar da oynamaq istəmirdi. Lakin bu gün çıxış etdi və uduzdu. Onunla nə baş verib?
- Bilmirəm. Mənə elə gəlir ki, bu başqa, daha maraqlı problemdir. Niyə biz favoritlərdən biri olduğumuz halda, belə bərbad oynayırıq.

- Niyə? Siz indi bu haqda nə fikirləşirsiniz?
- Mən bir neçə versiyanı deyə bilərəm. Birincisi, federasiya tərəfdən komanda üçün hər şey edilmişdimi? Mən hesab edirəm ki, edilmişdi. Üstəlik, Həşimovu komandaya qaytarmaq üçün nə qədər səylər və maddi xərclər tələb olunurdu. Bu çox ağır problemdir. Həm təşkilatı, həm də pul baxımından. Bunlar həll olunmuşdu. Bundan sonra əla şəraitdə 2 təlim-məşq toplanışı həyata keçirmişdik. Ondan sonra iştirakçılarla çox yaxşı maddi şərtlərlə müqavilələr imzalanmışdı. Yəni, federasiya tərəfindən bütün mümkün və mümkün olmayan hər şey edilmişdi ki, dünya çempionatında layiqli çıxış edək. İkincisi, Həşimovla müsahibənizdən sonra belə versiya irəli sürüləcək ki, komanda daxilində sağlam olmayan mühit var. Münasibətlər gərginləşib. Buna görə də partiyalara hazırlıqla oyunlara köklənməklə deyil, daxili çəkişmələrlə məşğul idik. Bu insident, müsahibə olmasa idi, hər şey komandanın daxili məsələsi kimi qalacaqdı. Yığmamızın daxilində münasibətlərin ideal olmasını demək niyyətim də yoxdur. Ancaq heç bir kiçik münaqişə olmayıb. Turnirə sabit başlamasaq da, sonradan sadəcə pis oynasaq da belə qalmaqal olmurdu. Buna görə də müsahibədə deyilənlər məni təəccübləndirdi. İndi səbəblərə keçək. Məni çox qayğılandıran o idi ki, komandamızın praktiki olan bütün üzvlər xeyli vaxt oynamırdılar. Bəzilərində bu, 2-3 ay, Şəhriyarda isə bəzi partiyaları nəzərə almasaq 8 ay idi. Məni bu narahat edirdi. Özü də belə hal lövhələr üzrə bölüşdürmələr zamanı böyük suallar ortaya qoyurdu. İndi sizə bir sirr aça bilərəm ki, biz əvvəl bir bölüşdürmə etdik, ancaq püşkdən sonra kardinal dəyişikliklər etdik.

- Hətta belə?
- Bəli.

- Bəs ilk bölgü necə idi?
- İlk bölgü reytinq cədvəlində əmsallara görə idi.

- Bəs dəyişiklik nə ilə bağlı idi?
- Püşkdən sonra məlum oldu ki, biz 5 dəfə qara fiqurlarla oynayırıq. Mən belə başa düşdüm ki, Şəhriyar buna hazır deyildi. Bu da komanda daxili toplantımızda təsdiqləndi. Biz qalib gəldik. Mən şəxsən Rəcəbovdan xahiş etdik ki, I lövhəyə otursun. O, tərəddüd edir ki, bu da başa düşülən idi. Əgər biz toplanışda qərar versə idik, o, buna hazır olardı. Son halda qərar vermək, razılaşın ki, psixoloji cəhətdən çox çətindir. Üstəlik, bilirsən ki, qaralarla Levin Aronyan, Sergey Karyakin, Van Xao ilə oynamalısan. Bizdə çox çətin vəziyyət yarandı. Şəxsən məndə komandanın kapitanı kimi belə idi. İlk turdan aydın oldu ki, Rəcəbov istisna olmaqla, komandamızın bütün üzvləri ən yaxşı idman formalarında deyillər. Bütün turnir bunu təsdiqlədi. Məmmədyarova bel bağlamağımız ümidləri doğrultmadı. O, özünə inam olanda demək olar ki, hər partiyanı uda bilər. Məmmədovla Hüseynov da bu məsuliyyətə tab gətirə bilmədilər. Bizim bütün konsepsiyamız isə iflas oldu. Əlbəttə, bunda yalnız mənim günahım var. Çünki kim mənə nə təklif etsə də, nə məsləhət versə də, son qərarı özüm qəbul edirəm. Mən bunu etmişəmsə, sona kimi məsuliyyət daşıyıram.

“Həşimov yüz faiz günahkardır”

- İndi necə olacaq, sizin kapitan kimi Azərbaycan millisi ilə müqaviləniz davam edir?
- Hələ heç kim mənə bu haqda nəsə deməyib. Hərçənd, başa düşürəm ki, çıxışımız suallar doğurub. Mənim ilin sonuna kimi müqaviləm var. Bura Yunanıstandakı Avropa çempionatı da daxildir.

- Vüqarla yaxın müddətdə danışmağı planlaşdırırsınız?
- Yox. Mən hesab edirəm ki, o yüz faiz günahkardır. Özü də mənim deyil, komandanın qarşısında. Bir də ki, onunla nə danışasan? Əgər danışıqdan söhbət gedirsə, bu təşəbbüs yalnız onun tərəfindən gəlməlidir. O qərar qəbul edib və partiyaya çıxmayacağını elan edib. 1-2 saatdan sonra isə qərarını dəyişərək, oynayır. Deməli, ilk qərardan öncə hansısa düşüncələri olub və nəsə ona qərarı dəyişməyə vadar edib. Mən hesab edirəm ki, onun bəyanatı və toplanışda hərəkəti sadəcə düzgün deyil. Bu komandanın daxili məsələsidir ki, artıq bunu neçənci dəfə təkrar etməli oluram. Əgər sona kimi açıq danışsam, Hüseynovun da fəallığı xoşuma gəlmirdi. O da belə bir müsahibə vermişdi. Ancaq eybi yox, belə şeylər olur.