12:44 27-07-2011
news_image

1/4 finala yüksələn boksçularımızın sayı 6-ya çatdı

Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində 1/4 finalçıların adları məlum olub. Apasport.az saytının xəbərinə görə, yarışın növbəti günündə rinqə çıxan idmançılarımızdan dördü qələbə qazanıb.

46 kq çəki dərəcəsində mübarizə aparan Elnur Şəfizadə Türkmənistan nümayəndəsi Şatlıkmurat Muradovu məğlub edib. Hər 3 raundda üstünlüyə malik olan həmyerlimiz 7 xal fərqlə qalib gəlib – 19:12.

Malik Muradov da (50 kq) 1/4 finala vəsiqə qazanıb. Boksçumuz İraq təmsilçisi Camal Qasımı 24:10 hesabı ilə üstələyib. Nəbi Bağırov (75 kq) komanda yoldaşlarının uğurunu davam etdirib. Milli komandamızın üzvü isveçli Loran Battini 8-6 hesabı ilə məğlub edib.

+ 80 kq çəki dərəcəsindəki təmsilçimiz Məhəmmədəli Tahirov da mübarizəni davam etdirir. Tahirov avstraliyalı Rayan Foulds üzərində 14:6 hesabı ilə qələbə qazanıb.

Peyman Yusifli (54 kq) və Nurlan Nağıyev (60 kq) isə 1/8 finalda yarışla vidalaşmalı olublar. Yusifli yerli boksçu Beqzan Kibitkala 9-13, Nağıyev isə şotlandiyalı Fraser Qorna 7-14 hesabı ilə uduzub.

Beləliklə, dünya birinciliyinin 1/4 final mərhələsində Azərbaycanı 6 boksçu təmsil edəcək. Yuxarıda adları çəkilən idmançılarla yanaşı, Nəsrəddin Məmmədov (52 kq) və Orxan Mayıllı da (70 kq) 1/4 final mərhələsinə yüksəliblər. Məmmədov filippinli Feliks Eumir Markialla, Mayıllı isə Türkiyə təmsilçisi Ceyhan Barışla üz-üzə gələcək.