12:33 03-08-2011
news_image
1395
DİGƏR NÖVLƏR

Bakı 2020-ci il olimpiadası ilə bağlı qərar verdi

Bakı şəhəri 2020-ci il Yay Olimpiya Oyunlarında ev sahibliyinə namizədliyini irəli sürməyəcək. Bu haqda Lent.az-a Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

Onun sözlərinə görə, namizədliyini irəli sürmək istəyən şəhərlər ərizələrini sentyabrın 1-dək Beynəlxalq Olimpiya Komitəsinə (İOC) təqdim edə bilərlər. Lakin indiyədək MOK rəhbərliyində Bakının namizədliyini yenidən irəli sürmək üçün fikir formalaşmayıb: “Çox güman ki, qalan müddətdə də belə bir fikir formalaşmayacaq”.

Bakı şəhəri 2016-cı il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürsə də, final səsverməsinə keçə bilməyib. Qalib adını Braziliyanın Rio-de-Janeyro şəhəri qazanıb. Həmin vaxt paytaxtımızın qalib gələnədək yay olimpiadalarına namizədliyini verəcəyi açıqlanıb.

Hüseynzadə bildirib ki, 2016-cı olimpiadasına Bakının namizədliyini təcrübə toplamaq üçün veriblər. O qeyd edib ki, 2020-ci ildə keçiriləcək olimpiadaya namizədliklərini irəli sürmələri məqsədəuyğun sayılmayıb. 2024-cü il Yay Olimpiya Oyunlarına gəldikdə, bu barədə İOC-un rəsmən sifariş ərizəsi qəbuluna başlayacağı vaxt - 2015-ci ildə danışmaq olar.

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərin adı 2013-cü il sentyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayresdə İOC-un sessiyasında açıqlanacaq. Hələlik Roma (İtaliya), İstanbul (Türkiyə), Madrid (İspaniya), Doha (Qətər) və Tokio (Yaponiya) şəhərləri namizədliklərini rəsmən irəli sürüb.