10:42 10-08-2011
news_image

14 boksçumuz İtaliyaya yollandı

Boks üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışında iştirak etmək üçün İtaliyaya yollanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Yevgeni Kotov, məşqçilər Nəriman Abdullayev və Ruslan Xairovun rəhbərliyi altında Apennin yarımadasına 14 boksçu gedib.

Sardinya yarımadasında yerləşən dağlıq ərazidə keçiriləcək toplanışda beş çəki dərəcəsinin (52, 64, 69, 81, və 91 kq) hər birində 2 idmançımız iştirak edəcək.

Bunlar Elvin Məmişzadə, Məhəmməd Abdulhəmidov (hər ikisi 52 kq), Heybətulla Hacəliyev, Romal Amanov (hər ikisi 64 kq), Osman Əliyev, Emin Əhmədov (hər ikisi 69 kq), Ramil Əliyev, Ramazan Məhəmmədov (hər ikisi 81 kq), Teymur Məmmədov və Abdulqadir Abdullayevdir (hər ikisi 91 kq).

Digər çəki dərəcələrində isə Salman Əlizadə (49 kq), Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60 kq) və Məhəmmədrəsul Məcidov (+91kq) milli komandanın heyətinə cəlb olunublar.

Toplanışı avqustun 23-dək davam edəcək. Yığmamızın baş məşqçisi Yevgeni Kotovun sözlərinə görə, boksçularımız Asisse şəhərində 70 faiz ümumi fiziki hazırlığın artırılması üzərində işləyəcəklər. Məşqlərin yalnız 20-30 faizi taktiki-texniki hazırlığa həsr olunacaq. Toplanış müddətində İtaliya boksçuları ilə sparinq-döyüşlərin keçirilməsi də nəzərdə tutulub.

Hazırlıqdan sonra Bakıya dönəcək milli komandamız dünya çempionatına son hazırlığı Rusiya yığması ilə birgə Moskvaətrafında yerləşən Çexov şəhərində keçəcək.