13:44 11-08-2011
news_image

Franko Falçinelli: Azərbaycan millisi ilə hazırlıq xeyirlidir

Boks üzrə Azərbaycan milli komandası İtaliyanın Assizi şəhərinə təlim-məşq toplanışına yola düşüb. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesində boksçularımızla yanaşı, İtaliya, Albaniya, İrlandiya, Ukrayna və Estoniya komandaları da iştirak edəcək.

Sardinya yarımadasında yerləşən şəhərdəki “Santa Mariya” Boks Mərkəzində ümumilikdə 43 boksçu dünya çempionatına hazırlaşacaq. Öncə Assiziyə heyətində 3 boksçu olan Albaniya və 11 nəfərlə Ukrayna yığmaları gəlib. 14 nəfərdən ibarət millimiz də artıq İtaliyadadır. Avqustun 19-da toplanışa İrlandiya və Estoniya komandaları qoşulacaq. İtaliyada İrlandiya 11, Estoniya isə 4 boksçu ilə təmsil olunacaq.

İtaliya Boks Federasiyasının prezidenti Franko Falçinelli Assizidəki toplanışın bütün komandalara xeyri dəyəcəyini deyib: “Burada Ukrayna, Azərbaycan kimi yüksək səviyyəli komandalar hazırlıq keçəcəklər. Sentyabrda isə Boks Mərkəzinə Qazaxıstan idmançıları da gələcək. Assizinin təbiəti, iqlimi, şəhərin dağlıq ərazidə yerləşməsi boksçular üçün çox əlverişlidir. Məşq prosesi üçün də zallarda hər bir şərait var. Biz AİBA-ya təklif etmişik ki, Assizidə Avropa Boks Akademiyası təsis olunsun. Bununla bağlı, yekun qərar 2013-cü ildə qəbul ediləcək”.

Qeyd edək ki, İtaliyanın əsas yığması ilə yanaşı, qitə birinciliyinə hazırlaşan gənclər də hazırda Sardinyadadır.