17:21 11-08-2011
news_image

Türkiyə yığması İngiltərə səfərini təxirə salıb, Bakıya gəlir

Boks üzrə Türkiyə milli komandası sentyabrın 1-də Bakıya gələcək. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın səfərində məqsəd paytaxtımızda keçiriləcək dünya çempionatına hazırlığın II mərhələsini ölkəmizə keçməkdir.

Türkiyə Boks Federasiyasının rəsmisi Bayram Altuğ bildirib ki, öncə təlim-məşq toplanışını İngiltərədə keçməyi planlaşdırsalar da, sonradan fikirlərini dəyişiblər: “Dünya çempionatının hazırlığını Ərzurumda davam etdiririk. Lakin burada məşqlərimiz sentyabrın 1-dək davam edəcək. Daha sonra Azərbaycana gedərək, təlim-məşq toplanışının II mərhələsini orada keçəcəyik. Düzdür, biz İngiltərə variantını planlaşdırmışdıq. Lakin kubalı məşqçilərimiz istədi ki, Bakıya yollanaq və oranın mühitinə uyğunlaşmaqda problem olmasın. İdmançılarımızın da Azərbaycandan medallarla qayıdacağına inanırıq”.

Qeyd edək ki, sentyabrın 26-da start götürəcək və oktyabrın 8-ə qədər davam edəcək yarışda 600-ə yaxın idmançının iştirakı gözlənilir. Dünya çempionatı həm də 2012-ci il London Olimpiadasına lisenziya xarakteri daşıyacaq. Belə ki, bu yarışda 92 idmançı olimpiya vəsiqəsinə sahib olacaq. İlk 8 çəkinin hərəsində 10, 91 kq-dək və 91 kq-dan ağır çəki dərəcələrinin hərəsində isə 6 nəfər Londonda çıxış imkanı qazanacaq.