23:02 17-08-2011
news_image
1500
DİGƏR NÖVLƏR

Həmişə Olimpiadada!

Serbiya paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında London Olimpiadasına lisenziya qazanan İradə Aşumova özünəməxsus rekord əldə edib. Apasport.az saytının xəbərinə görə, 53 yaşlı snayper müstəqillik illərində “dördilliyə” 4-cü dəfə vəsiqə qazanmış ilk idmançı olub.

Aşumova bunadək Atlanta, Sidney və Afina Yay Olimpiya Oyunlarında iştirak edib. İradənin uğuru elə son adıçəkilən olimpiadaya təsadüf edib. Pnevmatik tapançadan 10 metrə məsafəyə atəş proqramında qızıl medalı son anda əldən verən Aşumova yekunda bürünclə kifayətlənib.

Gələn il London oyunlarında mübarizə aparacaq təcrübəli atıcı iştirak sayına görə, İnna Rıskalın rekordunu təkrarlayacaq. Əfsanəvi voleybolçumuz Tokio-1964, Mexiko-1968, Münhen-1972 və Monreal-1976 olimpiadalarında iştirak edib, 2 qızıl və 2 gümüş medalla özünə əbədi status qazanıb.

Qeyd edək ki, titullu atıcımız SSRİ dövründə yığma komandada yer alsa da, həlledici məqamda olimpiya heyətinə salınmayıb. O, dünya və Avropa çempionu (1985), planetin ən güclülərinin yarışmasının 3 qat gümüş mükafatçısıdır (1985, 1998 və 2002-ci il).

Seul-1988. Olimpiya yığmasına daxil edilməyib
Barselona-1992. Olimpiya yığmasına daxil edilməyib
Atlanta-1996. X yer
Sidney-2000. Nəticəsiz
Afina-2004. III yer
Pekin-2008. Lisenziya qazana bilməyib

Kamran HACI