21:40 19-08-2011
news_image

Həmyerlimiz favoritlər arasında

Avqustun 22-də İrlandiyanın paytaxtı Dublində gənc boksçular arasında Avropa çempionatı start götürəcək. Apasport.az saytının xəbərinə görə, “City West” otelində təşkil olunacaq yarışda 1993-94-cü il təvəllüdlü idmançılar mübarizə aparacaq.

Qitə çempionatında 38 ölkənin 213 boksçusu döyüşəcək. Milli komandamızla yanaşı, Belarus, Almaniya, Ermənistan, Rusiya, Türkiyə və Ukrayna yığmaları turnirdə tam tərkibli heyətlə çıxış edəcəklər.
AİBA prezidenti Çinq Ko Vu Avropa birinciliyində rekord sayda idmançının iştirak etməsinin boksun gələcəyinin etibarlı əllərdə olmasını göstərdiyini bildirib: “Dublində çıxış edən bir çox boksçuları biz yəqin ki, 2016-cı ildə Braziliyada keçiriləcək Olimpiya Oyunlarında da görəcəyik”.

AİBA-nın rəsmi saytında turnirdə qələbə qazanmağa namizəd olan boksçular haqda məlumat verilib. Rusiya millisini heyətində gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı Vasili Vetkin, yeniyetmələr arasında Avropa çempionu İqor Xaritonov, gənclər arasında dünya birinciliyinin qalibi Qasan Qimbatov favoritlərdən sayılırlar.

Bundan başqa, yeniyetmələrin ilk Olimpiya oyunlarının qalibi Riçardas Kunçaitis (Litva), yeniyetmələr arasında dünya çempionu Teo Kreçlok (Almaniya), gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı Fabio Turçi (İtaliya), gənclər arasında dünya birinciliyinin bürünc medalçısı Denislav Suslekov (Bolqarıstan) ayrı-ayrı çəki dərəcələrində Dublində qələbəyə namizədlərdən hesab olunurlar.

AİBA-nın rəsmi saytında Azərbaycan milli komandasının heyətində qələbəyə əsas namizəd kimi ötən li Avropa birinciliyinin gümüş mükafatçısı olmuş Rauf Rəhimov (75 kq) göstərilib. Qeyd edək ki, yarışa avqustun 27-də yekun vurulacaq.