19:00 23-08-2011
news_image
4788
DÖYÜŞ NÖVLƏRİ

İlk medalı İlqar Muşkiyev qazandı - YENİLƏNİB

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan milli komandasının 3 üzvü xalça üzərinə çıxıb.

136 ölkədən 950-yə yaxın idmançının qüvvəsini sınadığı yarışda 1-ci yerin sahibləri 500 lisenziya xalı qazanacaqlar. 2-ci yer 300, 3-cü yer 200, 5-ci yer 100, 7-ci yer 80, 1/16 final 60, 1/32 final isə idmançılara 40 xal qazandıracaq.

60 kq

Püşkün nəticəsinə əsasən yığmamızın lideri İlqar Müşkiyev Yəmən cüdoçusu Əli Xosrovla qarşılaşmalı olsa da, rəqibinin adı qeyri-müəyyən səbəbdən iştirakçılar arasından çıxarılıb. Bu səbəbdən həmyerlimiz ilk döyüşünə II mərhələdən başlayıb və Yanislav Qerçevlə (Bolqarıstan) üz-üzə gəlib. Döyüş təmsilçimiz üçün asan qələbə ilə yekunlaşıb. Öncə rəqibinə 2 yuko tətbiq edən İlqar sonra onu ippona salıb (3 dəqiqə 2 saniyəyə).

Mərhələ adlayan cüdoçumuz bu dəfə holland Jeron Murenlə üz-üzə gəlib. Döyüşə fəal başlayan Müşkiyev qələbə qazanmaqda yenə çətinlik çəkməyib. O, Mureni məğlub etməyə cəmi 1 dəqiqə 55 saniyəyə sərf edib. İkinci ippondan sonra 1/8 finala yüksələn İlqar bu mərhələdə fransalı Milous Sofianla güləşib.

Müşkiyev əvvəlki döyüşlərində olduğu kimi, qələbəni yenə vaxtından öncə bayram edib. O, cəmi 1 dəqiqə 37 saniyəyə rəqibin kürəyini yerə vurub.

Növbəti rəqib özbək Rişod Sobirov olub. Lakib İlqar bu dəfə ardıcıl 3 ippondan sonra özü son dünya çempionun hiyləsinə aldanıb. Pekin-2008-in də bürünc mükafatçısı olan Rişod 2 dəqiqə 35 saniyənin tamamında Müşkiyevin yarımfinala gedən yolunu kəsib. Buna baxmayaraq, idmançımız hələ medal arzusunu davam etdirib. O bürünc üçün təsəlliverici görüşlərə qatılıb.

Bu qarşılaşmada idmançımız Rusiyanı təmsil edən erməni əsilli Arsen Qalstyanla mübarizə aparacaq. Bakıda keçirilən “World Marsters”in yarımfinalında rəqibinə uduzan İlqar bu dəfə ondan qisasını çıxmaq gücündədir.

Bu qarşılaşmada idmançımız Rusiyanı təmsil edən erməni əsilli Arsen Qalstyanla mübarizə aparıb. Bakıda keçirilən “World Marsters”in yarımfinalında rəqibinə uduzan İlqar bu dəfə ondan qisasını alıb.

Qalstyanı tatamiyə çıxmağa peşman edən Müşkiyev onu 2 dəqiqə 35 saniyəyə ippona salıb. Bürünc medal uğrunda İlqarın rəqibi koreyalı Hyen-Qvanq Çoi olub.

Rəqibini məğlub edən İlqar dünya çempionatında üçüncü yeri tutmaqla, millimizə ilk medalı qazandırıb.


Bu çəkidə digər təmsilçimiz Nicat Şıxəlizadənin isə püşkatmada bəxti gətirməyib. Həmyerlimiz ilk qarşılaşmasındaca Olimpiadanın bürünc mükafatçısı Lyudviq Peyşeri (Avstriya) sınağa çəkib. Təəssüf ki, onun mundialda ilk cəhdi uğursuz alınıb. Nicat güclü rəqibi qarşısında cəmi 3 dəqiqə 38 saniyə tab gətirə bilib və Peyşeri tətbiq etdiyi ippon sayəsində növbəti mərhələyə yüksəlib.

66 kq

Tərlan Kərimov ilk döyüşündən azaddır. Onun ikinci mərhələdə rəqibi Laslo Joke (Rumıniya) olub. Həmyerlimiz 3 dəqiqə 45 saniyədən sonra Jokeyə yarışı dayandırmağı “məsləhət” görüb.

Kərimov növbəti qarşılaşmasında Denis Kozlovun (Latviya) gücünü yoxlayıb. Cüdoçumuz 1/16 final səddini cəmi 55 saniyəyə keçib.

1/8 finalda macarıstanlı Miklos Ungvari ilə qarşılaşan idmançımız ilk 2 qarşılaşmadan fərqli, bu dəfə çətinliklə üzləşib. O, 2 qat Avropa çempionunu vazari hesabına məğlub edib.

Növbəti cəhddə Tərlan rusiyalı Musa Moquşkovla münasibətinə aydınlıq gətirib. Təəssüf ki, həmyerlimiz komanda yoldaşı Müşkiyev kimi yarımfinala yüksələ bilməyib. Təsəlliverici görüşə qatılan həmvətənimiz koreyalı Jun-Ho Ço ilə mübarizədən məğlub ayrılıb. 7-ci yeri tutan Kərimov sonda 80 lisenziya xalına sahib çıxıb.


Qeyd edək ki, dünya çempionatında yığmamız 10 cüdoçu ilə təmsil olunur. Milli komandamızın üzvlərindən Renat Mirzəliyev (73 kq) və Kifayət Qasımova (57 kq) sabah, Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq) və Ramilə Yusubova (63 kq) avqustun 25-də mübarizəyə qoşulacaq.

Onlardan 1 gün sonra Elxan Məmmədov (90 kq), mundialın son günündə - avqustun 27-də isə Elmar Qasımov (100 kq) tatamiyə çıxacaq.