10:22 25-08-2011
news_image
1100
DÖYÜŞ NÖVLƏRİ

Həmvətənlərimiz Dublində erməniləri döydülər

İrlandiyanın paytaxtı Dublində keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyində 1/4 finalçıların adları məlum olub. Apasport.az saytının məlumatına görə, bu mərhələyə yüksələnlər arasında milli komandamızın 6 üzvü də var.

Bunlar Tural Əhmədov (52 kq), Pərviz Bağırov (60 kq), Coşğun Əliyev (64kq), Fəqan Hüseynov (69 kq), Rauf Rəhimov (75 kq) və Heydər Heydərovdur (+91 kq).

1/8 finalda rinqə çıxan boksçularımızdan 3-ü erməni rəqiblərlə üz-üzə gəlib. Hər 3 görüş həmyerlilərimizin parlaq qələbəsi ilə başa çatıb.

Əvvəlcə Tural Əhmədov Artur Nersisyanı rinqi məğlub tərk etməyə məcbur edib. Pərviz Bağırovun da qələbəsi yadda qalan olub. Həmyerlimiz Ukraynanı təmsil edən erməni əsilli boksçu Miger Ohanesyanı 2-ci raundda nokauta salıb.

69 kq çəki dərəcəsində yarışan Fəqan Hüseynov da erməni rəqibini rinqə çıxmağa peşman edib. Milli komandamızın üzvü Arayik Harutunyanı 14:8 hesabı ilə məğlub edib.

Gənclər arasında son qitə birinciliyinin gümüş mükafatçısı Rauf Rəhimov 1/8 finalda Türkiyə boksçusu Burhan Akçayla qarşılaşıb. 13:9 hesabı ilə qələbə qazanan həmyerlimiz növbəti mərhələyə yüksəlib.

Coşğun Əliyev də komanda yoldaşının uğurunu davam etdirib. 64 kq çəki dərəcəsindəki təmsilçimiz Belarus idmançısı Mikita Şabelnik üzərində 20:9 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin görüşləri avqustun 25-də keçiriləcək. Yarışa avqustun 27-də yekun vurulacaq.