18:36 25-08-2011
news_image
6029
DÖYÜŞ NÖVLƏRİ

Növbəti medal arzusu bu gün də reallaşmadı - YENİLƏNİB

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün daha 2 çəkinin qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həmin çəkilərdə milli komandamızın 3 idmançısı gücünü yoxlayıb.

136 ölkədən 950-yə yaxın idmançının qüvvəsini sınadığı yarışda 1-ci yerin sahibləri 500 lisenziya xalı qazanacaqlar. 2-ci yer 300, 3-cü yer 200, 5-ci yer 100, 7-ci yer 80, 1/16 final 60, 1/32 final isə idmançılara 40 xal qazandıracaq.

Kişilər

81 kq

Bu çəkidə Elnur Məmmədli medal kolleksiyasını artırmağa çalışıb. Lakin Avropa çempionatının və Olimpiya Oyunlarının qalibi olan təmsilçimiz dünya çempionatında gümüş medala sahib olduğundan, bu dəfə qızıl arzulasa da, istəyini həyata keçirə bilməyib.

Məmmədli çempionluğu reallaşdırmaq üçün ilk cəhdində xorvatiyalı Tomislav Maryanoviçlə qarşılaşıb. Görüşün əsas vaxtı heç-heçə bitdiyindən qalib qızıl xalla müəyyənləşib. Əlavə edilmiş dəqiqədə isə yuko fəndi işlədən Elnur növbəti mərhələyə adlayıb.

Onun rəqibi slovakiyalı Marian Benkozkini olub. Olimpiya çempionumuz görüşün əvvəlində ciddi müqavimətlə üzləşsə də, döyüşün başa çatmasına 63 saniyə qalmış sevimli fəndini işə salıb və ipponla qalib gəlib.

Elnur 1/16 finalda mərakeşli Safuane Attafin gücünü yoxlayıb. Lakin rəqib həmyerlimizlə döyüşdə özünü yaxşı tərəfdən göstərib. Belə ki, əsas və əlavə vaxtda heç bir cüdoçu fənd işlədə bilmədiyindən qalibi hakimlər müəyyənləşdiriblər. Ədalət təmsilçilərinin hər üçü isə daha aktiv döyüşən Elnurun qələbə qazandığını bildiriblər.

Növbəti mərhələdə ukraynalı Artyom Vasilenko ilə görüş acı sonluqla bitib. Hesabda geridə olduğu qarşılaşmanın sonunda Elnur ipponla uduzaraq, dünya çempionatını medalsız başa vurub.

Digər həmyerlimiz Elxan Rəcəbli ilk döyüşdən azaddır. Cüdoçumuz ikinci mərhələdə Vaçarin Yampavonqı (Tayland) məğlub edən Jozateki Naulu (Fici) ilə güləşib. Təmsilçimiz rəqibini məğlub etməkdə çətinlik çəkməyib. O 107 saniyəyə ipponla qələbə qazanaraq, növbəti mərhələyə vəsiqə qazanıb.

1/16 final mərhələsində Elxanın rəqibi çexiyalı Yaromir Musil olub. Həmyerlimiz ilk görüşdəki uğurunu bu dəfə də təkrarlayıb. Öncə rəqibinə yuko fəndi işlədən Rəcəbli 2 dəqiqə 4 saniyənin tamamında ipponla qalib gəlib və 1/8 finala yüksəlib.

O bu mərhələdə Nakay Takahiro (Yaponiya) ilə üz-üzə gəlib. Lakin Asiya təmsilçisi də Elxan üçün keçilməz olmayıb. Rəqibinə qarşı vazari və yuko fəndləri işlədən cüdoçumuz nəticədə daha bir mərhələni arxada qoyub.

Təmsilçimiz 1/4 finalda ev sahibi Loik Pyetri ilə mübarizə aparıb. Elxan öncə vazari ilə hesabda önə keçsə də, sonra rəqib ona eyni fəndlə cavab verib. Lakin döyüşün başa çatmasına az qalmış fransalı cüdoçu üstünlüyü ələ alıb və qələbə qazanıb.

Buna baxmayaraq, Rəcəbli medal qazanmaq şansını itirməyib. O təsəlliverici görüşlərə qatılıb və rusiyalı İvan Nifontovla güləşib. Qarşılaşmaya fəal başlayan Elxan görüşü qalib başa vurub.

Bürünc medal uğrunda döyüşdə isə cüdoçumuz braziliyalı Leandro Qulheyro ilə qüvvəsini sınayıb. Təəssüf ki, təmsilçimiz medalın 1 addımlığında büdrəyib. O 86-cı saniyədə ippona düşüb və 5 yeri tutub. Nəticədə Elxan aktivinə 100 lisenziya xalı əlavə edib.

Qadınlar

63 kq

Dünya çempionatında sonuncu zərif idmançımız Ramilə Yusubova ən azından son mundialdakı uğurunu təkrarlamağa çalışsa, bu, alınmayıb. Belə ki, ötən il yarışı bürünc medalla başa vuran həmyerlimiz öncə Sum Po Leunqla (Honkonq) münasibətlərinə aydınlıq gətirib. Ramilə mərhələ keçməyə elə də böyük vaxt sərf etməyib. O rəqibini cəmi 14 saniyəyə ippona salıb.

İkinci qarşılaşmada Marianna Davıdova (Moldova) ilə qüvvəsini sınayan cüdoçumuz çətin qələbə qazanıb. O yuko fəndi ilə 1/8 finala yüksəlib.

Bu mərhələdə Ramilə hollandiyalı Anika Van Emdeni sınağa çəkib. Lakin daha güclü olan rəqib 31 saniyəyə həmyerlimizi ippona salıb. Nəticədə cüdoçumuz mübarizəni dayandırıb.

Qeyd edək ki, mundialın ilk günündə İlqar Müşkiyev (60 kq) 3-cü, Tərlan Kərimov (66 kq) 7-ci yeri tutmaqla yanaşı, müvafiq olaraq, 200 və 80 lisenziya xalına sahib olublar. Daha sonra Renat Mirzəliyev (73 kq) və Kifayət Qasımova (57 kq) isə 1/16 finala çıxmaqla, 60 lisenziya xalı qazanıblar.

Digər cüdoçularımız - Elxan Məmmədov (90 kq) sabah, Elmar Qasımov (100 kq) avqustun 27-də tatamiyə çıxacaq.