22:01 26-08-2011
news_image

2 boksçumuz Avropa çempionatının finalında

İrlandiyanın paytaxtı Dublində təşkil olunan gənc boksçular arasında Avropa birinciliyində yarımfinal döyüşləri keçirilib. Apasport.az saytının xəbərinə görə, artıq Azərbaycan idmançılarından ikisi – Rauf Rəhimov və Heydər Heydərov finala vəsiqəni təmin ediblər.

75 kq çəki dərəcəsində mübarizə aparan Rəhimov finala yüksəlmək üçün irlandiyalı Stefan Brodhörstla qarşılaşıb. Yerli publikanın dəstəyi ilə irəli atılan irlandiyalı boksçu ilk raundda həmyerlimizə çətin anlar yaşadıb. Amma tədricən özünü ələ alan Rəhimov 2 xal üstünlüklə qalib gəlib – 13:11. Milli komandamızın üzvü qızıl medal uğrunda döyüşdə rusiyalı Maqomed Madiyevlə döyüşəcək. Madiyev yarımfinalda Almaniyanı təmsil edən Məhəmməd Banqayevdən üstün olub.

Super ağır çəki dərəcəsində mübarizə aparan Heydər Heydərov isə finala gedən yolda Bolqarıstan idmançısı Vasili İliyevlə qarşılaşıb. Rəqibindən daha yaxşı təsir bağışlayan boksçumuz 17:9 hesabı ilə qələbə qazanıb. Heydərov da həlledici görüşdə Rusiya nümayəndəsi ilə mübarizə aparacaq. Həmyerlimiz qızıl medal qazanmaq üçün Qasan Gimbatovu məğlub etməlidir.

Digər iki boksçumuz – Pərviz Bağırov (60 kq) və Coşğun Əliyev Bakı vaxtı ilə saat 23.30-dan sonra rinqə çıxacaqlar.