15:59 27-08-2011
news_image
1234
DÖYÜŞ NÖVLƏRİ

Boksçumuz dünyanın ən güclüsüdür!

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək dünya çempionatına 1 aydan az qaldığı vaxtda açıqlanan siyahıda Azərbaycan milli komandasının 11 boksçusu yer alıb.

İdmançılarımızdan ən yaxşı göstəriciyə Avropa çempionu Salman Əlizadə malikdir. O, 49 kq çəki dərəcəsində reytinq cədvəlində 1-ci pillədə qərarlaşıb. Əlizadə 1600 xalla bütün rəqiblərini geridə qoymağı bacarıb.

Onunla bərabər, Ankarada Avropa çempionatının qızıl medalını qazanan Teymur Məmmədov (91 kq) 3-cü yeri tutur. Təmsilçimizin aktivində 912,5 reytinq xalı var.

Digər boksçumuz Şaban Şahpələngov (52 kq) Julio Neto (Braziliya), Yason Moloney (Avstraliya), Yunq Çang (Çin) və Cilbert Lüdovik Baktura (Mavritaniya) ilə 7-11-ci yerləri bölüşür. 52 kq çəki dərəcəsində Şabanı Elvin Məmişzadə izləyir. Milli komandamızın əsas üzvü olan boksçu Andrey Molonev (Avstraliya), Georgi Çiqayev (Ukrayna) və Maaki (Nauri) 12-15-ci pillələri öz aralarında bölürlər.

Bu çəkidə həmçinin Məhəmməd Abdulhəmidovun da adı var. O da Nurlan Abjanov (Qazaxıstan), Rodriqes Yorman (Kuba) və Mixael Konlonla (İrlandiya) 52-56-cı pilləyə şərikdir.

60 kq çəki dərəcəsində yığmamızın lideri olan Elvin İsayev rəqibləri sırasında 32-cidir. Bu çəkidə ölkəmizi təmsil edən Kamran Baxşəliyev isə Reduan Kaya (İsveç), Yohan Qonzales (Venusuela), Meteyava (Fici), Məhəmməd Mehdipur (İran) və Emil Maboko (CAR) ilə 39-44-cü yerləri “zəbt ediblər”.

Avropa çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev (64 kq) mövqeyini yaxşılaşdırıb. O, Balvinder Benival (Hindistan), Samuel Zapata (Venesuela), Sikona (Tonqo) və Babou Smayla (Kamerun) ilə 20-24-cü yerləri bölüşür.

75 kq çəki dərəcəsindəki həmyerlimiz Rahib Bəylərov isə Yinhanq Ven (Çin), Simon (Vanuatu) və Nursultan Osmanovla (Qırğızıstan) birgə 41-44-cü yerlərə şərikdirlər.

Aktivində 112,5 reytinq xalı olan Vətən Hüseynli (81 kq) isə ilk “50-lik”dən kənarda qalıb. O yeni siyahıda 58-cidir.

Fəqan Ömərov (+91) isə Arun Huda (Hindistan) və Juan Martinezlə (Meksika) 37-39-cu yerləri bölüşür.

Qeyd edək ki, cədvəldə yalnız 56 və 69 kq çəki dərəcələrində boksçularımız yer almayıblar.