10:11 01-09-2011
news_image

İlqar Müşkiyev 12-ci yerə yüksəldi

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının yekununa əsasən açıqlanan siyahı Azərbaycan milli komandasının liderləri üçün elə də uğursuz olmayıb.

Belə ki, Ağayar Axundzadənin yetirmələrindən mundialda bürünc mükafat qazanan İlqar Müşkiyev (60 kq) 7 pillə irəliləyərək, 12-ci yerə yüksəlib. O aktivindəki reytinq xalını 619-a çatdırıb. İlqarla eyni çəkidə mübarizə aparan Nicat Şıxəlizadə isə dünya çempionatında uğursuz çıxışdan sonra Olimpiadaya yollanmaq arzularının üstündən xətt çəkib. Həmyerlimiz yeni cədvəldə 2 pillə geriləyib və 53-cü yerə enib.

Yığmamızın aparıcı üzvləri - Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq) və Kifayət Qasımova (57 kq) yerlərində sayıblar. Onlar son siyahıda olduğu kimi, müvafiq olaraq, 3-cü, 5-ci və 7-ci pillələri tuturlar.

Mundialda 7-ci olan Tərlan Kərimov (66 kq) isə digər rəqiblərinin uğurlu çıxışı səbəbindən 1 pillə geri düşüb. O hazırda öz çəkisində 15-cidir.

Dünya çempionatında 5-ci olan Elxan Rəcəbli (81 kq) və 1/8 finala kimi irəliləyən Ramilə Yusubova (63 kq) isə hərəyə 2 pillə qabağa gediblər. Nəticədə hər ikisi 16-cı yerə yüksəliblər.

Millimizin ən ağır çəkili idmançısı Elmar Qasımov (100 kq) isə geriləməkdə davam edir. İdmançımız bu dəfə də 2 pillə geriləyib və 29-cu yerdədir.

Xatırladaq ki, London-2012-yə Olimpiada ərəfəsində yekun siyahıda kişi idmançıların reytinqində ilk 22 yer, zəriflər arasında isə 12 yer lisenziya qazanacaq.