15:25 02-09-2011
news_image

Boksçularımız Ukraynda beynəlxalq turnirdə iştirak edəcəklər

Sentyabrın 6-da Ukraynanın Nikolayev şəhərində boks üzrə qadınlar arasında beynəlxalq turnir start götürəcək. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, 21 ölkənin nümayəndələri mübarizə aparacaqlar.

“Nikolaev City Cup – 2011”də yığmamızın baş məşqçisi Aleksandr Denisovun rəhbərliyi altında 4 boksçumuz rinqə çıxacaq. Bunlar Patimat Urusova (51 kq), Əzizə Abbasova (54 kq), Ayzanat Hacıyeva (61 kq) və Yelena Vıstropovadır (69 kq).

Bundan öncəki yarışlarda 75 kq çəki dərəcəsində çıxış etmiş Vıstropova bu dəfə fərqli çəkidə yarışacaq. Ancaq onun qarşıdakı yarışlarda yenidən 75 kq çəki dərəcəsində çıxış etməsi gözlənilir. “Nadejda” İdman-Kompleksində keçiriləcək yarışı kiçik dünya çempionatı da adlandırırlar. Yarışın ilk 2 günündə ilkin mərhələnin döyüşləri, sentyabrın 8-də yarımfinal, 10-da isə final döyüşləri təşkil olunacaq.

Turnirdə qadın boksunda ciddi uğurları olan – Rusiya, İsveç, Çin, Kanada, Fransa, Bolqarıstan və s. ölkələrin təmsilçiləri də qatılacaqlar.

Qeyd edək ki, 2012-ci il London Olimpiadasının proqramına ilk dəfə olaraq qadın boksu da daxil edilib. Zərif cinsin nümayəndələri Olimpiya oyunlarında 3 çəki dərəcəsində - 51, 60 və 75 kq-da mübarizə aparacaqlar