17:52 05-09-2011
news_image
986
FUTBOL

Oser faciəsinin ildönümündə, eyni rəqib, eyni tarix

Sabah Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası üçün sentyabrın 6-sı uğursuz gündür. Apasport.az saytının məlumatına görə, heç vaxt qələbə qazanmadığımız bu gün Oser faciəsi ilə qara tarixə yazılıb. Belə ki, Qazaxıstanla oyun günü Fransaya 0:10 hesablı məğlubiyyətin 16-cı ildönümüdür.

Millimiz bu imkandan yararlanıb qrupumuzun autsayderi üzərindəki qələbə ilə sentyabrın 6-sı tarixinin qara rəngini dəyişməlidir. Komandamız Oserdəki darmadağından sonra dəfələrlə belə şans əldə etsə də qara günə öz damğasını vura bilməyib.

Təqvim sonradan 3 dəfə ev oyununda tarixi dəyişmək imkanı yaradıb. 1997-ci ildə Norveç (0:1), 2003-də Finlandiya (1:2), 5 il əvvəl isə elə indiki rəqibimiz Qazaxıstan Bakını məğlub tərk etməyib. Eyni rəqiblə 5 il əvvəlki eyni tarixdə görüşümüz də Respublika stadionunda baş tutmuş və 1:1 nəticələnmişdi. 2008-ci ilin sabahki tarixində isə millimiz Uels səfərində 1 cavabsız qolla uduzmuşdu.