12:29 08-09-2011
news_image
1085
DÖYÜŞ NÖVLƏRİ

Türkiyə millisi Bakıya gətirəcək heyəti açıqladı

Boks üzrə Türkiyə milli komandası dünya çempionatına hazırlığı Ankarada davam etdirir. Apasport.az saytının məlumatına görə, bu günlərdə milli komandanın üzvləri, federasiya rəsmiləri və media nümayəndələri şam yeməyində bir araya gəliblər.

Görüşdə qardaş ölkənin Boks Federasiyasının prezidenti Eyub Gözgeç bildirib ki, Bakıdakı yarışa ciddi önəm verirlər: “Dünya çempionatı bizim üçün həyati əhəmiyyət kəsb edir. Çünki bu idman növündə ilk Olimpiya lisenziyaları Bakıda veriləcək. İnanıram ki, milli komandamız ölkəmizi yarışda uğurla təmsil edəcək”.

Türkiyə komandasının açıqlanan heyətinin əsasını isə bu ilin iyununda Ankarada keçirilmiş Avropa çempionatında iştirak edən boksçular təşkil edir. 60 kq çəki dərəcəsində son Avropa çempionu Fatih Keleş yenə də türklərin medal ümidlərindən olacaq.

Xatırladaq ki, Keleş Ankarada həmyerlimiz Elvin İsayev yalnız hakimlərin köməkliyi ilə məğlub etmişdi – 24:23. Bu dəfə İsayevin əlinə revanş üçün yaxşı şans düşüb. Ankarada gümüş medal qazanmış Adem Kılıççı, bürünc medalçılar Furkan Ulaş Memiş və Behram Müzəffər də heyətə daxil ediliblər.

Türkiyə milli komandasının heyəti
49 kq: Fərhad Pəhləvan
52 kq: Selcuk Eker
56 kq: Furkan Ulaş Memiş
60 kq: Fatih Keleş
64 kq: Onur Şipal
69 kq: Öndər Şipal
75 kq: Adem Kılıççı
81 kq: Caner Sayak
91 kq: Bəhram Müzəffər
+91 kq: Dənizcan Gökkaya