10:37 09-09-2011
news_image
1105
STOLÜSTÜ OYUNLAR

“Vüqar Həşimov Dünya Kubokunun favoritidir”

“Məğlubiyyətə baxmayaraq, mən Dünya Kubokunda çıxışımdan razı qaldım. Lakin uduzduğuma görə, pərişan olmuşam”. Apasport.az saytının məlumatına görə, bu sözlər danimarkalı qrossmeyster Peter Xayne Nilsenə məxsusdur.

Nilsen Dünya Kubokunun 1/8 final mərhələsində azərbaycanlı qrossmeyster Vüqar Həşimova tay-brekdə məğlubiyyətin səbəbini açıqlayıb: “Mən qalib gəlmək üçün əlimdən gələni etdim və rəqibimə müəyyən təzyiq göstərməyə nail oldum. Təəssüf ki, bu kifayət etmədi”.

Danimarkalı zəka sahibinin sözlərinə görə, Həşimov Dünya Kubokunda çempion olmaq gücündədir: “Mən bir şeyi dəqiq bilirəm ki, Vüqar yarışın favoritlərindən biridir. O, daha çox irəliləmək gücündədir. Əlbəttə ki, digər şahmatçıları da yaddan çıxarmamalıyıq. Lakin Vüqar Dünya Kubokunun reytinq favoritlərindən biridir və hələlik o ağ fiqurlarla oynadığı bütün görüşlərdə qələbə qazanıb. Çıxışını belə də davam etdirsə, onun turnirdə qalib gəlmək şansları yüksəkdir”.

Qeyd edək ki, Dünya Kubokunun qalibi 2012-ci ildə keçiriləcək şahmat tacına iddiaçıların görüşünə vəsiqə qazanacaq.