13:05 09-09-2011
news_image

Nazir millinin üzvlərinə paxlava yedirdərək, onlara uğurlar arzuladı

“Bütün uğurlarımızı dəstəkləyəcək və idmançılarımızın arxasında duracağıq. Mənə isə cənab nazir deyil, “Suat qardaş” deyəcəksiniz”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin gənclər və idman naziri Suat Kılıç deyib.

O Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan boks üzrə milli komandalarını ziyarət edərək, yığma üzvlərinə dəstək olduğunu bildirib. Ərzurumda təlim-məşq toplanışında boksçularla görüş zamanı onlara öz əli ilə paxlava yedirdən nazir idmançılara Azərbaycanda türk kimi qüvvətli olmağı tapşırıb: “Burada topladığınız güc və oksigen köməyinizə gələcək. Ardınca isə hazırlıq üçün Azərbaycana yollanacaqsınız. Burada da məşqlərin necə keçdiyini görəcəyik. Yaşar Doğu “Türk kimi qüvvətli” ifadəsini işlədib və siz də bunu dünyanın hər birində yumruqlarınızla hiss etdirəcəksiniz”.

Kılıç bildirib ki, Olimpidaya lisenziya xarakterli yarışa tam heyətlə yollanacaq yığmaya böyük ümidlər bəsləyir və onlardan medallar gözləyir.

Qeyd edək ki, sentyabrın 26-da start götürəcək və oktyabrın 8-ə qədər davam edəcək yarışda 700-ə yaxın idmançının iştirakı gözlənilir. 2012-ci il London Olimpiadasına lisenziya xarakteri daşıyacaq çempionatda 92 idmançı olimpiya vəsiqəsinə sahib olacaq. İlk 8 çəkinin hərəsində 10, 91 kq-dək və 91 kq-dan ağır çəki dərəcələrinin hərəsində isə 6 nəfər Londonda çıxış imkanı qazanacaq.