13:24 09-09-2011
news_image

“Cüdo idman növünə də Kanadadan xarici mütəxəssis dəvət oluna bilər”

“Binəqədi rayonunun Xocasən kəndində stadionun yenidən qurulması işlərinə başlanılıb. Paytaxtda Hovuz Kompleksinin və Respublika İdman Tibb Mərkəzinin layihə smeta sənədlərinin hazırlanması üzərində işlər gedir”. Apasport.az saytının məlumatına görə, bunu bu gün mətbuat konfransı keçirən gənclər və idman naziri Azad Rəhimov deyib.

Ölkəmizdən idmanın daha da inkişaf etdirilməsi üçün yeni bazaların inşa edildiyini bildirən nazir bəzi idman növləri üçün problemlərin də hələ qaldığını deyib: “Bu günə kimi 31 Olimpiya idman kompleksi (OİK) istifadəyə verilib. 9 kompleksin tikintisi isə davam edir. Onlardan Qəbələ, Sumqayıt və Astara OİK-i ilin sonuna kimi istifadəyə veriləcək. Bununla yanaşı, 3 OİK-in (Abşeron, Ağcabədi və Saatlı) layihə smeta sənədlər hazırlanır. Həmçinin, Bakı Gimnastika Kompleksinin tikintisi davam edir. Hazırda Tofiq Bəhramov adına Respublika stadionunun əsaslı təmiri və yenidən qurulması işlərinə başlanılıb. Lakin cüdoçularımızın hazırlığı üçün kompleks yoxdur. Güləş və boks idman növləri üzrə bazaların tikilməsi üçün Bakıda yerlər ayrılıb. Ağır atletikada isə baş məşqçi problemi var”.

Nazir bildirib ki, OİK-lərdə bir sıra çətinliklər də məşqçi çatışmazlığı səbəbindən yaranır: “Üzgüçülük növündə məşqçi problemimiz var. Su hovuzlarının təmizlənməsi üzrə və Şəmkir OİK-də boulinq idman növündə kompüter sistemi ilə fəaliyyət göstərmədə isə mütəxəssis yoxdur”.

Rəhimovun sözlərinə görə, oxatma, avarçəkmə, güləş, atçılıq, futbol, otüstü hokkey, taekvondo, velosiped idman növlərində əcnəbi mütəxəssis çalışırlar. Yaxın günlərdə isə belə hal cüdo növündə də müşahidə oluna bilər: “Yaxın günlərdə ola bilsin ki, əlavə kömək məqsədi ilə cüdo idman növünə də Kanadadan xarici mütəxəssis dəvət olunsun”.

Qeyd edək ki, ağır atletika üzrə Azərbaycan milli komandasının bolqarıstanlı baş məşqçisi Yanko Rusev istefa verdikdən sonra yığma başsız qalıb.