14:01 12-09-2011
news_image

Taekvondoçularımız Rusiyada 13 medal qazanıblar

Taekvondo üzrə böyüklər və gənclərdən ibarət milli komandamız Rusiyada açıq beynəlxalq turnirdə 13 medal qazanıb. Apasport.az saytının məlumatına görə, Çelyabinskdə keçirilən yarışda böyüklərdən ən yaxşı nəticəni Fəridə Əzizova (67 kq) göstərib. London-2012-yə lisenziya qazanmış həmyerlimiz bütün rəqiblərinə gücünü göstərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici döyüşdə uduzan Bayraməli Vəliyev (80 kq) gümüş medala sahib olub. Xəyalə Quliyeva (46 kq) və Günay Ağakişiyeva (57 kq) bürünc medal qazanıb.

Gənclərdən ibarət seçmə komandamız isə vətənə 9 mükafatla qayıdıb. Taekvondoçularımızdan Nərminə Məmmədova (44 kq), Mikayıl Əliyev (51 kq) və Elvin Əliyev (+78 kq) çempion adına layiq görülüblər. Elmar Bədəlli (45 kq), Hüseyn Mehrəliyev (59 kq), Ələkbər Ələkbərli (68 kq), Təranə Məmmədova (46 kq), Günay Ağayeva (52 kq) və Aytən Səmədli (59 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.