08:30 14-09-2011
news_image

London-2012-yə 11-ci lisenziyaya İstanbulda qazanıldı

Yunan-Roma güləşi üzrə İstanbulda keçirilən dünya çempionatında Azərbaycan milli komandası 11-ci lisenziyanı qazanıb. Apasport.az saytının məlumatına görə, mundialın ikinci günündə bu uğura pəhləvanımız Saman Təhmasibi (84 kq) imza atıb.

Belə ki, həmyerlimiz 1/8 finalda belaruslu Albert Səlimova uduzsa da, rəqibinin finala kimi irəliləməsi onun təsəlliverici görüşlərə qatılması ilə nəticələnib. Nəticədə ilk “6-lığa” düşməyi bacaran Təhmasibi London-2012-yə lisenziyaya sahib olub.

Güləşçimiz Olimpiadaya vəsiqəni təmin etdikdən sonra bürünc medal uğrunda görüşə zədə səbəbindən çıxmayıb.

Digər təmsilçilərimiz - Həsən Əliyev (60 kq) və Məsut Haşımzadə (120 kq) isə erkən mərhələdə məğlubiyyətlə üzləşdiklərindən, dünya çempionatında lisenziya arzularını reallaşdıra bilməyiblər.

Qeyd edə ki, Təhmasibi güləş milli komandamıza 2-ci lisenziyanı qazandırıb. Ondan öncə mundialın ilk günündə Rövşən Bayramov (55 kq) eyni uğura sevinmişdi.