08:32 15-09-2011
news_image

Gümüşlə gələn 12-ci lisenziya

Türkiyənin İstanbul şəhərində keçirilən qadın güləşin üzrə dünya çempionatında Azərbaycan 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Apasport.az saytının məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan Mariya Stadnik ölkəmiz üçün London olimpiadasına qazanılan 12-ci lisenziyanı daha bir medalla əldə edib.

Dünya və 3 qat Avropa çempionu London olimpiadasına lisenziya xarakterli yarışın yalnız finalında uduzaraq gümüş medal qazanıb. Əvəzində yunan-Roma güləşçimiz Rafiq Hüseynov (74 kq) ¼ finalda uduzaraq mübarizəni dayandırıb. Beləliklə, “klassik”lərimizin dünya çempionatında qazancı bir qızıl medal (Rövşən Bayramov – 55 kq) və 2 olimpiya lisenziyası (Rövşən Bayramov – 55 kq və Saman Təhmasebi – 84 kq) olub.

Digər qadın güləşçimiz Patimat Baqometova (51 kq) bürünc medal uğrunda son təsəlliverici görüşdə də qalib gələrək dünya 3-cüsü olub. Lakin qadın güləşində bu çəki dərəcəsi olimpiya çəkisi sayılmadığından, Baqometova lisenziyasız qalacaq.

Qeyd edək ki, Mariya London olimpiadasına Azərbaycanın qazandığı sayca 12-ci lisenziyanın müəllifi olub. Daha öncə yunan-Roma güləşçilərimiz Rövşən Bayramov və Saman Ahman Tahmasebi, eləcə də atletikanın çəkicatma növündə Dmitri Marşin, taekvondoçularımız Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçumuz Soltan Migitinov (75 kq), güllə atıcımız İradə Aşumova, kanoeçilərimiz Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr) və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti (2 nəfərlik qayıqla 1000 metr), akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva (hər 2-si 1 nəfərlik qayıqla 2000 metr) da bu hüquqa yiyələnib.